AZ

Azərbaycanın ən səfalı 3 rayon camaatı ən çox siqaret çəkənlərdir - niyə?...


Elxan Əliyev: “Bir gündə 2-3 qutu siqaret çəkmək vərdiş deyil, asılılıqdır”

Siqaretin mənfi fəsadlarından çox deyilib, çox yazılıb. Bu, ümumbəşəri problemdir. Hazırda dünyada və cəmiyyətdə gedən qloballaşma dövründə insanları mənfi ünsürlərdən, o cümlədən narkotik və spirtli içkilərdən uzaqlaşdırmaq ən mühüm və ən aktual məsələdir. Bu istiqamətdə işlər aparılsa da, təəssüf ki, siqaret çəkənlər artır. Azərbaycanda siqaretin ən çox çəkildiyi bölgələr məlum olub. Belə ki, Azərbaycanda tütün məmulatlarına (siqaretə) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda - Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.

Rəsmi məlumata görə, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 15,5 manata bərabərdir. Abşeron-Xızı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlarda tütün məmulatlarına sərf olunan vəsait təhsilə sərf olunan vəsaitdən çox olub.

Maraqlıdır, Dağlıq Şirvan, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan sakinlər niyə çox siqaret çəkir?

“Həmin ərazilərdə yaşayan sakinlərin bir qismi iş problemi yaşadığı üçün stressi siqaretlə öldürməyə çalışır”

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici ölkələrlə müqayisədə Azərbaycan ən çox siqaret çəkilən ölkələrdən biridir: “Tütün məmulatlarından istifadənin azalması üçün siqaret reklamı yığışdırılmalıdır. Qanunla siqaret reklamı qadağandır. Ancaq marketlərdə bunun əksini görürük. Əksər xarici ölkələrdə marketlərdə siqaret satılmır, ancaq xüsusi yerlər var ki, ordan əldə etmək mümkündür. Bizdə də belə bir qayda tətbiq etmək olar. Marketə gedən şəxs siqareti görməsə onu almayacaq. Bəzi bölgələrdə siqaretin daha çox istifadə edilməsinin müəyyən səbəbləri var. İlk olaraq deyim ki, həmin ərazilərdə yaşayan sakinlərin bir qismi iş problemi yaşadığı üçün stressi siqaretlə öldürməyə çalışır. Bir gündə 2-3 qutu siqaret çəkmək vərdiş deyil, asılılıqdır. Bu halda ailə büdcəsinə zərər verməklə yanaşı, sağlamlıqlarını da risqə atırlar. Yaxşı olar ki, siqaret asılılığından qurtulmaq istəyənlər həkimə müraciət etsin”.

Günel CƏLİLOVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr