Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 12-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-da baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.
Həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olmuş L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.
Təqsirləndirilən şəxs Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Aprel döyüşləri zamanı mülki şəxslərin yaşadıqları ərazilərin artilleriya atəşinə tutulmadığını, həmin ərailərdə və ərazilərə yaxın yerlərdə hərbi hissə, hərbi texnika və hərbçilərin olduğunu, evlərə mərmi düşməsini təsadüf hesab etdiyini, bunun məqsədli şəkildə olmadığını iddia edib və bildirib: “Kəndə hücum olmayıb. Kəndə atəş açmamışıq”.
Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi müsahibəsindən bəzi hissələr də tədqiq edilib.
O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. L.Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.
Bu zaman dövlət ittihamçısı xatırladıb ki, L.Mnatsakanyan məhkəmədəki sərbəst ifadəsində Aprel döyüşləri zamanı fikir bildirmədiyini deyib. “Lakin videodan görünür ki, mətbuatda da fikirlər bildirmisiniz”, - deyə prokuror əlavə edib.
Prokurorun “Müsahibədə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.
Məhkəmədə L.Mnatsakanyanın verdiyi daha bir müsahibə nümayiş etdirilib. Videogörüntülərdə o, Cıdır düzündə jurnalistin suallarını cavablandırır. L.Mnatsakanyan müsahibədə 2015-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş döyüşlər və 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışır, Azərbaycan xüsusi təyinatlılarını “Yaşma briqadası” adlandıraraq onların həmin döyüşlərdə iştirak etdiyini bildirir, “orduda” görülən işlər barədə isə deyir: “Təkmilləşdirmək o deməkdir ki, əlimizdə olan imkanları daha da gücləndirməliyik. Əlimizdəki atəş vasitələrinin və sistemlərinin imkanlarını genişləndirməliyik. Bu istiqamətdə bizdə müvafiq işlər aparılır. Xüsusilə müşahidə cihazları sahəsində genişləndirmə işləri aparırıq. Həm atəş, həm də məhvetmə sistemləri üzrə irəliləyişlər əldə olunub. Bəzi məhdud şəraitlərdə müəyyən çatışmazlıqlarımız olub, amma indi - istər səhər, istər gündüz - biz səmərəli şəkildə atəş aça bilirik.
Bundan əlavə, idarəetmə imkanlarımızı da artırmışıq. Bu da ümumi sistemə daxildir. Həm kəşfiyyat, həm də atəş istiqamətində irəliləyişlərimiz var.
Əlavə olaraq, əldə etdiyimiz yeni texnologiyalar və texniki vasitələrlə bağlı praktiki tədbirlər görülür. Hərbi sənaye kompleksi üzrə də işlər aparılır…
...Daha uzaqmənzilli tank əleyhinə və digər müasir vasitələr də mövcuddur. Bundan başqa, biz yeni texnologiyalar və atəş vasitələri əldə etmişik. Bu vasitələrin istifadəsi ilə bağlı şəxsi heyətə də təlimlər keçirilir”.