AZ

Gələcəkdə yazılmış kitab

Herman Hessenin “Muncuq oyunu” romanı haqqında

Əsərdə hadisələrin yazıya alınma prosesi hələ dörd yüz il də bundan sonra - iyirmi beşinci əsrdə cərəyan eləyir. Təhkiyə əsasən baş qəhrəman, oyun magistri Yozef Knextin bioqrafiyasını qələmə almış Kastaliya tarixçisinin dilindən aparılır. Baş qəhrəman təhkiyəçidən təxminən iki yüz il əvvəl yaşayıb, salnaməçi onun həyat tarixçəsindən həm arxiv sənədlərinə, həm də dildən-dilə gəzən rəvayətlərə, əfsanələrə əsasən kitab bağlayıb.

Romanı şərti olaraq üç hissəyə bölmək olar: müqəddimədə Kastaliyanın tarixindən, burada formalaşmış ruhani ordenin iş prinsipindən, muncuq oyununun mahiyyətindən danışılır. Daha sonra təhkiyəçi ta uşaqlığından ölümünə qədər Knextin ömür yolunu izləyir. Bundan sonra müəllif oxucuya baş qəhrəmanın yazdığı şeirləri (xatırlayırsınızsa, “Doktor Jivaqo” romanında Pasternak da bu üsula əl atmışdı), bir də Knextin özünün qələmə aldığı üç müxtəlif tərcümeyi-halını - ayrı-ayrı zamanlarda, ayrı-ayrı məkanlarda, hər biri ayrı donda yaşanmış üç həyatının qəziyyəsini təqdim eləyir. Həmin avtobioqrafik pritçaları Knext hələ tələbə olanda ustadının sifarişiylə yazıbmış. Bu metod mənə buddizmin müqəddəs “Üç səbət”ində yer almış “Cataka” adlı bölümdə Qautamanın dünyaya insan cildində gələnə qədər canlı-cansız təbiətdə cürbəcür donlarda yaşadığı 547 ömrün təfsilatını elə o sayda təmsilvari hekayələrlə nağıl eləməsini xatırladır.

***

Girişdə Kastaliyanın keçmişindən danışan salnaməçi təqribən ötən əsrin birinci yarısından üzübəri keçən onillikləri “felyeton epoxası” adlandırır. Müəllif həmin səhifələrə satirik janra xas zəhərli istehza hopdurub. Felyeton epoxasında heç bir böyük sənət əsəri yaranmır, insanlar dərin düşünməkdən qaçırlar, hamı dayaz, əyləncəli qəzet yazılarıyla gününü sovur. Belə məzmunsuz yazıları təkcə qəzet dəllalları, mətbuat alverçiləri, qondarma jurnalistlər yaymırlar, şairlərin, professorların da arasında elələri var. Felyeton qəhrəmanı nə qədər məşhur, mövzu nə qədər bayağı olursa, yazını dərc eləmiş qəzetə tələbat da bir o qədər artır.

Mətbuat böyük şəxsiyyətləri şou qəhrəmanı kimi qələmə verir, məşhurların həyat hekayələrini bulvar ədəbiyyatına, melodrama, lətifəyə çevirir, məqalələri bu kimi başlıqlarla təqdim eləyir: “Fridrix Nitsşe və on doqquzuncu əsrin yetmişinci illərində qadın dəbləri”, “Bəstəkar Rossininin bəyəndiyi yeməklər”, “Tanınmış kurtizanların həyatında ev tulalarının rolu”. Tanınmış kimyaçı alimi, yaxud da pianoçunu qəliz siyasi proseslərlə bağlı sorğu-suala tuturlar, məşhur aktyoru, yaxud da balerinanı subaylığın mənfi-müsbət cəhətləri, pulun fəzilətləri haqda söhbətə çəkirlər. Dünyanın işlərindən, həyatın mahiyyətindən xəbərsiz oxucularsa belə yazıları sakitləşdirici dərman kimi qəbul eləyirlər.

Bir çoxu da qızıldan qiymətli vaxtını boş krossvord xanalarını doldurmaqla keçirir. Onlar siyasi, iqtisadi sarsıntıların hər gün silkələdiyi dünyada sabahkı günə inamsızlıqla, daim total xof altında, həyəcan içində yaşayırlar, o səbəbdən təskinliyi keçici əyləncələrdə tapırlar. Öz qorxularını yenməyə gücü çatmayan adamlar həqiqətə göz yumub qulaq tıxamaqla amansız gerçəklikdən qaçmağa çalışırlar. Kastaliya salnaməçisinin diliylə danışan müəllif bu qənaətə gəlir ki, belə bir sivilizasiyanın mənəvi potensialı tükənib, buna görə də “felyeton epoxasını” doğurmuş sivilizasiya çürüməyə məhkumdur. Bu fəlakətin qarşısını almaq üçün Herman Hesse Kastaliya modelini irəli sürür.

Hessenin proqnozu bir vaxt qitədə böyük populyarlıq qazanmış “Avropanın qürubu” traktatında Osvald Şpenqlerin çağdaş sivilizasiyaya verdiyi möhlətlə aşağı-yuxarı üst-üstə düşür. Böyük yazıçı dövrümüzün mənzərəsini bəsirət gözüylə çox aydın görüb. Həqiqətən, çoxdandır yer üzündə böyük sənət əsərləri, böyük ədəbiyyat yaranmır, yeni ümumbəşəri ideya meydana gəlmir. Yaranan da köhnənin yenidən emal olunmuş versiyasından başqa bir şey deyil. İndiki zamanda hətta buna da şükür eləməyinə dəyər, çünki artıq çoxları mənəviyyatın qısırlığıyla barışıb, hətta ağıllı adamların da böyük əksəriyyəti ifrat həddə maddiləşmiş tacir-tüccar dünyasında ruhun yeni möcüzələr yaradacağına inanmır. Halbuki tək bir ideya, yalnız bircə böyük ideya həyatın bütün sahələrini çəkib arxasınca aparmağa qadirdir. Quran nə deyir - Allahdan başqa heç kimsə qüdrət və əzəmət sahibi deyil. Bəli, ideyada Allah gücü var, ideya elə Tanrının özüdür. Şübhəsiz, o güc-qüdrət bundan sonra da özünü göstərəcək...

***

Belə bir qarışıq zamanda parlaq zəkalar, işıqlı başlar birləşib dövlət içində dövlət - ruhlar diyarı Kastaliya respublikasını yaradıblar. Bura ölkədən də çox aktiv ruhların passiv bədənlərə hökm verdiyi monastır, tənha könüllərin cəmləşdiyi xanəgahdır. Kastaliya texnokratik cəmiyyətin razılığıyla yaradılıb, gündəlik cismani qayğılara başı qarışmış insanlar öz ruhlarını bu utopik respublikaya ezam eləyiblər. Kastaliya sakinləri kənar dünyaya seyrçi mövqedən baxırlar. Seçilmişlərin qatıldığı muncuq oyunu onları bir ideya, bir məşğuliyyət ətrafında birləşdirir. Bu oyun bəşəriyyətin yaratdığı mənəvi dəyərlərin universal şərti işarəsi, kainatın məna, mahiyyət sandığına vurulmuş kilidin şifrəsidir. Bütün mənəvi dəyərlər, bütün sənət möcüzələri, elmi kəşflər burada bir vahid, bölünməz dəyər halına gətirilir. Muncuq oyunu yarışları radio vasitəsiylə bütün ölkəyə translyasiya olunur, Kastaliyanın özündə isə zaman keçmişdə ilişib qalıb, orada hələ də at-ulaqla hərəkət eləyirlər.

Kastaliya Platonun filosofların idarəçiliyinə verdiyi ideal dövlətə (əslində, ideal cəmiyyətə) bənzəmir, burada sərt iyerarxik sistem hökm sürmür, hər kəs başqalarından da, özündən də azaddır. Bura kilsə yox, monastır, məscid yox, xanəgah sayıla bilər. Kastaliya icmasının həyat tərzi xristianlardan çox buddistlərin yaşayışına bənzəyir, burada tək çoxluqda əriyib itmir, ümumi işə qoşulan hər bir fərd öz muxtariyyətini, ayrıcalığını qoruyub saxlayır. Kastaliyanın torpaqda kökləri yoxdur, bu məmləkət yerə, maddi dünyaya nazik tellərlə bağlıdır. Bu səbəbdən sakinlərin real həyata əli girmir, onlar ölkədən çöldəki böyük ölkənin qərarlarından, tacirlərin maliyyə yardımından, generalların silahlı mühafizəsindən asılıdırlar. Çox güman ki, müəllif bununla ruhun bədəndən asılılığına işarə vurur: gerçəkdən, can öz qayğısına qalmasa, özünü qorumasa, qəlbin evi başına uçar, bədən əldən getsə, ruhun əlindəki vasitələr də puça çıxar, ruh gerçək aləmlə təmas imkanlarını itirər. Əgər bədən yiyəsinə qarşı çıxmırsa, özünü ruhun xidmətçisi kimi aparırsa, bu dünyadakı yaşayışına halallıq qazandırmış olur. Kastaliyanın içiylə çölünün arası da ayrıca götürülmüş hər bir fərdin ruhuyla cisminin arası qədərdir.

Beləliklə, Pifaqor məktəbi, pifaqorçular icması kimi dünyadan təcrid olunmuş Kastaliya mənəvi dünyanın simvoludur. Buradakı sakinlərin topası bir ruhani ordenin üzvləri, mənəviyyat əsgərləridir. Orden bir az qədim, bir az da orta əsr ruhani birliklərinin, sektalarının prinsipləri əsasında qurulub. Muncuq oyununda irəliləyən hər kəsin zaman keçdikcə adı, rütbəsi artırılır. Məsələn, Yozef Knext qırx yaşında oyun magistri dərəcəsinə yüksəlir, o yaşda belə bir rütbəyə çatmaq isə Kastaliya tarixində çox böyük uğur sayılır. Ordenin sıralarını genişləndirmək üçün kastaliyalılar istedadlı uşaqları ölkələrinə cəlb eləyir, onlara burada mükəmməl təlim keçir, uşaqlarda musiqiyə, fəlsəfəyə, riyaziyyata maraq oyadırlar. Böyüyəndən sonra həmin uşaqlar universitetlərdə oxuyur, ömürlərini elmə, incəsənətə, pedaqoji fəaliyyətə, yaxud da muncuq oyununa həsr eləyirlər. Muncuq oyunu yeni bir həqiqət hasilə gətirmir, sadəcə, təbiətdə, insan zəkasında, sənətdə mövcud olan çevrilmələri, kombinasiyaları aşkarlayıb üzə çıxarır, bir növ təsbit eləyir. Proses özünəxas meditasiya, askeza, nirvanaya zəmin hazırlayan zehni fəaliyyət növüdür. Bu zaman insan ruhu harmoniya, tarazlıq vəziyyətinə gəlir, dinclik qazanır, kamilləşir.

***

Müəllif mənəvi-intellektual fəaliyyətin zirvəsinə musiqini qoyur. Onun fikrincə, musiqinin qaynaqları çox uzaq, dərin keçmişlərdədir. Onun kökləri böyük vəhdətdən rişələnir. Bu vəhdət Allah deməkdir, o bütün ziddiyyətlərin qaynağı olsa da, özü təzaddan xalidir. Bu vəhdətdən törəyən varlığın iki başı, iki qütbü var, öz növbəsində o qütblərdən də qaranlıq qüvvələrlə işıqlı güclər doğulur. Kainatda dinclik olanda, hər şey canını dincə qoyanda musiqi də çılğınlıqdan əl çəkib sakitləşir, öz qaynağına qayıdıb yuxuya dalır. Arzular, ehtiraslar doğru yolla getməyəndə musiqi də coşub təkmilləşməyə uğrayır. Mükəmməl musiqinin möhkəm təməli var - o, müvazinətdən, tarazlıqdan yaranır. Tarazlıq dürüstlükdən, dürüstlük kainatın mənasından doğulur. Ona görə də musiqi haqqında yalnız dünyanın mənasını dərk eləyən adamla danışmaq olar. Musiqinin əcdadı yerlə göyün, zülmətlə işığın uzlaşdığı, barışdığı bir məqamda uyuyur.

Fəxri Uğurlu

Davamı növbəti sayımızda

Seçilən
45
yeniazerbaycan.com

1Mənbələr