AZ

Tomas Frank “Brentofrd”u “Tottenhem”ə dəyişdi - Rəsmi

Danimarkalı futbol mütəxəssisi Tomas Frank İngiltərənin “Brentford” klubundan ayrılaraq “Tottenhem”in sükanı arxasına keçib.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

51 yaşlı mütəxəssislə 3 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

“Tottenhem” yeni baş məşqçi vəzifəsinə Tomas Frankı təyin etdiyini açıqlayıb. Daha əvvəl mətbuatda “Brentford”un onu 12 milyon avro qarşılığında sərbəst buraxdığı yazılmışdı. Çünki təcrübəli mütəxəssisin bu klubla 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Tomas Frank 2018-ci ilin oktyabr ayından “Brentford”a rəhbərlik edirdi. Sözügedən komanda 2020/21 mövsümündə məhz bu məşqçinin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanmışdı. Frank İngiltərə təmsilçisini bütövlükdə 317 matça çıxarıb. “Brentford” bu görüşlərdə 136 qələbə qazanıb, 71 heç-heçə edib və 110 məğlubiyyətə üzülüb.

Danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında da Danimarkanın “Brondbü” komandasını çalışdırıb.

“Brentford” geridə qalmış mövsümdə İngiltərə Premyer Liqasında 38 oyuna topladığı 61 xalla 20 iştirakçı arasında 10-cu yeri tutub. Onun yeni komandası “Tottenhem” isə 38 oyuna cəmi 38 xal toplamaqla 17-ci olub. Buna baxmayaraq, Avropa Liqasının qalibi olmuş London təmsilçisi UEFA Çempionlar Liqasında iştirak hüququ qazanmağı bacarıb.

Sonda onu da xatırladaq ki, Tomas Frank “Tottenhem”in baş məşqçi vəzifəsində iyunun 6-da istefaya göndərimiş Angelos Postekoqlunu əvəz edib.

Seçilən
33
arena.az

1Mənbələr