AZ

Azərbaycanın nümunəvi tolerantlıq modeli...

Sirr deyil ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır. Ayrı-ayrı dinlərin  təhlükə mənbəyi kimi aşılandığının, daha çox müsəlmanlara qarşı şübhə, ayrı-seçkiliyin daha geniş yayıldığının şahidi oluruq. Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkələrdəndir. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. Bununla belə, multikulturalizmi həyat tərzinə çevirmiş Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır. Ölkəmizdə fərqli dini və etnik kimliyə malik xalqlar dostluq və qardaşlıq mühitində yaşayırlar. Azərbaycan daima Qərb ilə Şərqin, sivilizasiyaların arasında körpü rolunu oynayıb.

Məlumdur ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Başqa sözlə desək, dini və milli çoxkonfessiyalı olmamız bizim üçün xüsusi üstünlükdür. Multikultural dəyərlərə hörmət dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.

Ölkəmizin multikultural yaşamı...

Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır. Azərbaycanın təlqin etdiyi tolerantlıq modeli beynəlxalq aləm üçün ardıcıllığa söykənmiş nümunədir. Ölkəmizdə dinlər və millətlərarası münasibətlər mühitinin daha da stabil və tolerant forma almasına yönəlik addımların aydın mənası və hədəfi var. Azərbaycan hələ uzun illər öncədən dünyanın belə təhlükəyə doğru itələndiyinin əlamətlərini gördü və qabaqlayıcı addımlar atdı. Saysız beynəlxalq konfrans və simpoziumlar, sivilizasiyalararası dialoq tədbirləri və sair təsadüfi addımlar deyildi.

Paralel olaraq Azərbaycan dünya üçün bir nümunə forlaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasətinin mahiyyətində sülh və bərabərlik tendensiyası açıq ştrixlərlə yer almaqdadır. Beləliklə, Azərbaycan həm multikulturalizmin ən mükəmməl model mərkəzinə çevrilir, həm də müasir dünyada çox təhlükəli şəkil almaqda olan islamofobiya və neokolonializm kimi cinayətlərə qarşı qlobal mübarizə mərkəzi kimi çıxş edir. Məhz Azərbaycanın təşəbbüslərinin sayəsində ayrı-seçkilik və ya seqreqasiya cinayətinin mahiyyəti haqqında dünyanın siyasi və hüquqi təsəvvürləri daha da genişlənib. Artıq dünya daha sıx qəbul etməyə başlayır ki, islamofobiya və neokolonializm ayrı-seçkilik cinayətinin ən müasir və ən təhlükəli formalarıdır.

İslamofobiya sadəcə, dini dözümsüzlük deyil

Bu günlərdə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın açılış mərasimi baş tutub. Konfransda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, islamofobiyaya meyillilik son illərdə bütün dünyada artır və bu, artıq təkcə fərdi münasibətlər səviyyəsində deyil, rəqəmsal media platformalarında da müşahidə olunur. Onun sözlərinə görə, islamofobiya sadəcə, dini dözümsüzlük deyil: “Bu, eyni zamanda, sosial-psixoloji problemdir, cəmiyyətlərdə gərginlik və qarşıdurma toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Qeyri-tolerantlıq bir millətin və ya fərdin problemi deyil, bu, ölkələri geri salan, cəmiyyətlərin inkişafını ləngidən zərərli yanaşmadır”.

Azərbaycan nümunəvi ölkələrdən biridir

Komitə sədri bildirib ki, İslamofobiya ilə mübarizə apararkən onun yalnız təzahürlərinə deyil, eyni zamanda, köklərinə də nəzər salmalıyıq: “Bu kökləri anlamaq, onları ifşa etmək və aradan qaldırmaq üçün daha genişmiqyaslı, strateji yanaşmalar tətbiq edilməlidir. Bu məsələdə multikulturalizm təcrübəsi olan ölkələrdən nümunə götürmək böyük əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən biridir. Ölkəmizdə yaşayan hər bir şəxs dini və etnik mənsubiyyətindən asılı olmayaraq özünü tamhüquqlu vətəndaş kimi hiss edir. Azərbaycan cəmiyyətində hökm sürən qarşılıqlı hörmət və tolerantlıq, multikultural dəyərlərin dövlət siyasətinin ayrılmaz hissəsi olması islamofobiyaya ən güclü cavablardan biridir”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
9
1
yeniazerbaycan.com

2Mənbələr