AZ

116 nəfər super savadlı gəncin bir nəfəri də AMEA-nı seçmədi - bundan böyük problem?


Məhərrəm Zülfüqarlı: “Akademiya sistemində əmək haqqı aşağı olduğuna görə gənclər bura meyl etmirlər”

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, 2007-ci ildən bugünə qədər ölkə üzrə 116 nəfər 700 bal toplayıb. 2024-cü ildə aparılan araşdırmada məlum olur ki, 700 bal yığan həmin 116 nəfərin hamısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda yer alan doktorantura və elmi-tədqiqat proqramlarından kənarda qalıb.

Onların əksəriyyəti ya təhsilini xaricdə davam etdirib, ya da daha çox təcrübi və gəlirli sahələr olan repetitorluq və tədris mərkəzlərində çalışmağa üstünlük verib.

Maraqlıdır, bir belə yüksək bal toplayan məzun niyə AMEA-ya üz tutmayıb? Onların doktorantura və elmi-tədqiqat proqramlarından kənarda qalmasının səbəbləri nədir?

“Xaricdə gözləyirlər ki, Azərbaycan ailəsi uşağı yetişdirsin, onlar isə hazır məhsula sahib olsunlar”

Sözügedən məsələyə aydınlıq gətirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir neçə amillə əlaqələndirdi: “Yüksək bal toplamış şəxslərin sonradan Akademiyanın doktoranturasına daxil olmamasının müxtəlif səbəbləri var. Birincisi, savadlı gənclər çalışırlar ki, gələcəkdə maddi cəhətdən təmin olunsunlar. Bu sahələrə üstünlük verirlər. Akademiya sistemində əmək haqqı aşağı olduğuna görə gənclər bura meyl etmirlər. Məsələn, Akademiyada elmlər doktorunun əmək haqqı 700-1000 manat arasındadırsa, yüksək bal toplamış və ali məktəbin bakalavrına qəbul olunmuş, sonradan magistraturanı bitirmiş şəxs elmin dalınca getmir. Fikirləşir ki, gedib əvvəl fəlsəfə doktoru, sonra elmlər doktoru olandan sonra ən yaxşı halda 700-1000 manat maaş alacağam. Hesab edirlər ki, bunun əziyyətinə dəyməz. Ona görə də yüksək bal toplayanlar xarici proqramlara üz tuturlar. Xarici şirkətlərdə işləməyə üstünlük verirlər. Daha yüksək məvaciblə həyatlarını davam etdirirlər. Elmi dərəcə almaq istəyəndə əsasən xarici universitetlərə üstünlük verirlər. Bunu o məqsədlə edirlər ki, sonradan daha yüksək məvacibli işlə təmin olunsunlar. Ona görə də bu problemi aradan qaldırmaq üçün savadlı Azərbaycan gənclərinin bilavasitə ölkədə qalıb işləməsi, dövlətə xidmətini təmin etmək üçün birinci növbədə sadalanan problemlər həll olunmalıdır. Yəni elmi işçilərin, ali təhsil müəllimlərinin əmək haqları artırılıb normal ölkələrin səviyyəsinə qaldırılmalıdır. O məqsədlə ki, savadlı gənclərin xaricə axını baş verməsin. Ancaq təəssüf doğuran haldır ki, xarici şirkətlər, xarici universitetlər hamısı gözləyir. Yəni gözləyirlər ki, Azərbaycan ailəsi uşaq bağçasında və orta məktəbdə uşağı yetişdirir, onlar isə hazır məhsula sahib olurlar. Ancaq hamımızın arzusu budur ki, Azərbaycan ailəsinin yetişdirdiyi hazır məhsula dövlətimiz özü sahib çıxsın və həmin gənclər də ölkəmizə xidmət etsin”.

Vidadi ORDAHALLI

Seçilən
41
baki-xeber.com

1Mənbələr