AZ

Pedaqoji Universitetdə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU və Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi öz işinə başlayıb. İki gün davam edəcək tədbirə 10 ölkədən — Azərbaycan, Türkiyə, Hindistan, Əlcəzair, Rumıniya, Polşa, Səudiyyə Ərəbistanı, Portuqaliya, Anqola və Qanadan elm və təhsil mütəxəssisləri qatılıb.

Konfransda açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, konqres müasir təhsil sisteminin qarşısında duran çağırışların müzakirəsi və yeni həll yollarının formalaşdırılması baxımından əhəmiyyətli platformadır. Rektor bildirib ki, təhsilin yalnız daxili deyil, həm də beynəlxalq ölçüdə düşünülməsi vacibdir və bugünkü qloballaşan dünyada elm adamlarının birgə işləməsi, təcrübə mübadiləsi aparması, eyni zamanda ortaq elmi nəticələr əldə etməsi son dərəcə önəmlidir. Qeyd edilib ki, belə beynəlxalq tədbirlər tədqiqatçıların qarşılıqlı öyrənmə prosesini gücləndirir, innovativ yanaşmaların tətbiqini stimullaşdırır və elmi biliklərin yayılmasında körpü rolu oynayır. Konqresin işinə uğurlar arzu edən C. Cəfərov onu da bildirib ki, konqresə dünyanın müxtəlif ölkələrindən qatılan alimlərin iştirakı Azərbaycan elminin dünya elminə inteqrasiya səviyyəsinin bariz nümunəsidir. O, tədbirdə təqdim olunacaq məruzələrin və keçiriləcək elmi diskussiyaların təhsil siyasətinə və tətbiqi sahələrə də mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında tədbirin elmi potensialından bəhs edərək bildirib ki, təqdim olunan mövzular yalnız nəzəri deyil, həm də praktik əhəmiyyətə malikdir. A.Zamanov gənc tədqiqatçıların və akademiklərin konqres çərçivəsində fikir mübadiləsi aparmasının gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağını qeyd edib. XXI əsrin təhsil sistemi yalnız bilik ötürməklə kifayətlənməyərək,  eyni zamanda fərdi bacarıqların inkişafına və yaradıcı düşüncənin formalaşmasına yönəlməli olduğunu vurğulayan prorektor yerli və xarici mütəxəssislərin bir araya gəldiyi konqresin bu istiqamətdə təcrübələrin mübadiləsi baxımdan vacib əhəmiyyətə malik olduğunu qeyd edib.

Elmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərəstun Mehdiyev və İKSAD başqanı Mustafa Latif çıxışlarında konqresin təşkilati və elmi əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür beynəlxalq tədbirlər elmi ideyaların mübadiləsi, tədqiqat nəticələrinin təqdimatı və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əvəzsizdir.

Konqres çərçivəsində iştirakçı ölkələrin alimlərin iştirakı ilə eyni vaxtda həm üzbəüz, həm də onlayn formatda paralel sessiyalar təşkil olunub. Təqdimatlar müxtəlif zal və bölmələrdə moderatorların rəhbərliyi ilə həyata keçirilib.

Konqresdə süni intellektin təhsildə tətbiqi, inklüziv təhsil, sosial media və gənclərin psixoloji rifahı, STEAM texnologiyaları, davamlı inkişaf, dil və tarix təliminin metodikası, ədəbiyyatın müasir təhlili, biomüxtəliflik, urbanizasiya və digər aktual mövzularda məruzələr təqdim olunub. Konqresə iyunun 13-də yekun vurulması nəzərdə tutulub.

Seçilən
57
1
tehsil.biz

2Mənbələr