AZ

Peşəkarlar "həvəsləndirildi", dost-tanış mükafatlandırıldı - Jurnalistlər etiraz etdi

"Veysəloğlu" Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə birgə jurnalistlər üçün elan olunmuş müsabiqə yekunlaşıb. Müsabiqənin nəticələri və mükafatlandırma mərasimi isə media ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb.

Dünən keçirilən mükafatlandırma mərasimi zahirən təntənəli görünsə də, tədbirin sonunda bir çox imzası tanınan jurnalist tədbiri məyusluq və narazılıqla tərk edib. İddialara görə, müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi kobud şəkildə pozulub.

Uzun illərdir media sahəsində fəaliyyət göstərən, xüsusilə iqtisadi jurnalistika üzrə ixtisaslaşmış bir çox tanınmış qələm sahiblərinin yazılarının müsabiqənin əsas mükafatlarına layiq görülməməsi birmənalı qarşılanmayıb. Jurnalistlərin sözlərinə görə, yazıların məzmunu, peşəkarlıq səviyyəsi və analitik yanaşma əvəzinə, münsiflər heyətinin qərarlarında daha çox şəxsi münasibətlər, iştirakçıların hansı media qurumunda çalışdığı və müsabiqəni təşkil edən qurumlara yaxınlığı əsas rol oynayıb.

Mərasimdə səhnəyə dəvət edilən adlar da jurnalistlərin bu narahatlığını gücləndirib. Belə ki, bir redaksiyanın dörd əməkdaşının, digərinin isə iki əməkdaşının eyni müsabiqədə mükafat alması, bununla yanaşı, illərin peşəkar jurnalistlərinin sadəcə "həvəsləndirici mükafat" və ya simvolik təşəkkürnamə (100 manat məbləğində) ilə kifayətlənməsi haqlı suallar doğurub.

Ən çox narazılıq doğuran məqamlardan biri isə müsabiqədə yalnız dövlət qurumlarına bağlı media subyektlərinin və "Veysəloğlu"nu tənqid edən, şirkəti daim təzyiq altında saxlayan KİV-lərin əməkdaşlarının ailəvi şəkildə mükafatlandırılması olub. Bu fakt bir daha müsabiqənin nəticələrinin ədalətliliyini şübhə altına alıb.

Narazı jurnalistlər həm Mətbuat Şurasının, həm də "Veysəloğlu" Şirkətlər Qrupunun nümayəndələrinə açıq şəkildə etirazlarını bildiriblər. Onlar bəyan ediblər ki, gələcəkdə bu qurumların adının hallandığı heç bir müsabiqədə iştirak etməyəcəklər.

Qeyd edək ki, bu cür narazılıqlar son dövrlərdə media müsabiqələrinin keçirilməsində şəffaflıq və peşəkarlıq meyarlarının zəiflədiyini bir daha ortaya qoyur. Media cameəsi bu cür təşəbbüslərin yalnız reklam və görüntü xatirinə deyil, həqiqətən də jurnalistikanın inkişafına və peşəkar əməyin dəyərləndirilməsinə xidmət etməsini gözləyir.

Elnurə Abuşova
Azadmedia.az

Seçilən
22
3
milli.az

4Mənbələr