AZ

Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

Hindistanın “Air İndia” şirkətinin iyunun 12-də Əhmədabad şəhəri hava limanı yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin “qara qutu”larından biri tapılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti hadisə yerindəki qərargaha istinadla məlumat yayıb. Tapılan “qara qutu” təyyarənin arxa hissəsində imiş. Ön hissədə olan digər “qara qutu”nun axtarışları davam edir. “Qara qutu”lardakı məlumatlar qəzanın hansı səbəbdən baş verdiyini araşdırmağa kömək edəcək.

Hindistanın hüquq-mühafizə orqanları faciəvi təyyarə qəzası ilə əlaqədar cinayət işi açıb. “Boeing” şirkəti də təhqiqata hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, “Air İndia” şirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli sərnişin təyyarəsi iyunun 12-də Əhmədabad şəhərindən Londona uçmaq üçün səmaya qalxandan qısa müddət sonra yaşayış məntəqəsində tibb kollecinin binası üzərinə düşüb. Nəticədə təyyarə olan 242 nəfərdən 241-i ölüb. Tibb məntəqələrinə ümumilikdə 265 meyit daxil olub. Ölənlər arasında tibb kollecinin müəllim və tələbələri də var. Hazırda meyitlərin şəxsiyyəti aydınlaşdırılır. Qəzada təyyarədə olanlardan yalnız bir nəfər – Böyük Britaniya vətəndaşı Vishvaş Kumar Rameş sağ çıxıb. Hadisə nəticəsində tibb kollecinin müəllim və tələbələri, habelə onların yaxınları arasında 50-dən çox xəsarət alan, itkin düşən var.

Qəzanın səbəbi bilinməsə də, ekspertlər təyyarənin quşlarla toqquşması ehtimalının yüksək olduğunu vurğulayır. Bu, 2009-cu ildən istifadə olunan “Boeing 787 Dreamliner” təyyarələrinin üzləşdiyi ilk qəzadır.

Hindistanın bayraq daşıyıcı aviasiya şirkəti olan “Air İndia”nın tarixində 30, o cümlədən insan tələfatı ilə nəticələnən 10 insident var. Bunların ikisi bomba partlayışı nəticəsində baş verib. 1978-c ildə “Boeing 747” təyyarəsinin texniki nasazlıq səbəbindən Ərəb dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 190 sərnişin və 23 heyət üzvünün hamısı ölüb. Digər faciəli hadisə isə 1985-ci ildə yenə “Boeing 747” təyyarəsinin Atlantik okean üzərində uçan zaman terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində 307 sərnişin və 22 heyət üzvünü hamısı ölüb. Hindistanda təkcə aviasiya sahəsində deyil, dəmir yolu, avtomobil nəqliyyatında da tez-tez qəzalar baş verir ki, bunun da əsas səbəbi insan məsuliyyətsizliyidir.

Seçilən
49
veteninfo.az

1Mənbələr