AZ

Xaricdən şəxsi istifadə üçün mal gətirənlər üçün yeni qayda gəlir – Gömrük ödənişləri təminatla ödəniləcək

Xarici ölkələrdən şəxsi istifadə məqsədilə mal gətirən şəxslər üçün yeni gömrük qaydaları hazırlanır.
AzPost xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 13-də keçirilən iclasında səsləndirilib.

İclasda Gömrük Məcəlləsinə dəyişikliklər təklif olunub. Dəyişikliyə əsasən, şəxsi istifadə üçün nəzərdə tutulan, lakin kommersiya məqsədi daşımayan malların ölkəyə gətirilməsi zamanı yaranan gömrük ödənişlərinin yeni şəkildə tənzimlənməsi nəzərdə tutulur.

Layihəyə əsasən, əgər gömrük orqanı fiziki şəxsin gətirdiyi mal üçün ödəniş hesablayarsa, bu borc ya həmin şəxs tərəfindən birbaşa, ya da Gömrük Məcəlləsinin 258.1-ci maddəsində göstərilən təminat üsulları ilə ödənilə bilər. Bu təminat formalarına girov, bank qarantiyası, gömrük orqanının depozit hesabına köçürmə, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi və ya avans ödəmə daxildir.

Yeni dəyişikliklərin məqsədi fiziki şəxslərin gətirdiyi malların kommersiya məqsədilə istifadə edilməsinin qarşısını almaq, eyni zamanda gömrük orqanlarının hüquqi mexanizmlərini gücləndirməkdir.

Hazırda şəxsi istifadə üçün mal gətirənlərə illik limitlər tətbiq olunsa da, bəzi hallarda bu limitlərdən kommersiya məqsədilə istifadə edildiyi iddia olunur. Yeni qaydalar bu cür halların qarşısını almağa yönəlib.

Qeyd olunan dəyişiklik hələ layihə mərhələsindədir və Milli Məclisin plenar iclasında müzakirəyə çıxarıldıqdan sonra qüvvəyə minə bilər.

AzPost.az

Seçilən
21
azpost.info

1Mənbələr