Son günlər bəzi bölgələrdə yas mərasimlərinin təşkili ilə bağlı məhdudiyyətlər gündəmə gəlir. Xüsusilə bu günlərdə Samux rayonunda yas məclisinin sadələşdirilməsi, bundan əvvəl isə Şəki və Naxçıvan şəhərlərində yas məclislərinin keçirilməsinə qadağalar tətbiq olunması ictimaiyyətin diqqətini cəlb edib.
Maraqlıdır, niyə yas məclislərinin ləğvi ilə bağlı birdəfəlik qərar qəbul edilmir?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlama verib. O, bildirib ki, yas mərasimlərinin ləğvi məsələsi gündəmdə deyil:
“Yas məclislərinin ləğv edilməsindən söhbət gedə bilməz. Sadəcə, bu məclislər tamamilə sadələşdirilməlidir. İnsanlar bu məsələdə sadələşmə yolunu tapmalıdır. Əslində bu sahədə ümumi və mədəni bir qərar verilməlidir. Yoxsa mürəkkəb situasiya yarana bilər”.
Millət vəkili əlavə edib ki, bu məsələ cəmiyyətin öz içindən tənzimlənməlidir və insanlara əlavə sosial-iqtisadi yük yaratmayan, mənəvi dəyərlərə uyğun mexanizm qurulmalıdır.
Aygün Hüseyn, Bizim.Media