AZ

Bulvarda pis qoxu: səbəbi və aradan qaldırma yolu

Ölkə saytlarında Dənizkənarı bulvarda pis qoxunun yayılması ilə bağlı material verilib. Əslində bu problem bir neçə ildir ki mövcuddur və hər il özünü daha qabarıq şəkildə göstərir. Xüsusiə də həmin pis qoxu küləksiz hava şəraitində və külək cənubdan əsəndə daha kəskin hiss olunur. Əlbəttə ki bunun bir səbəbi var və bu heç də kanalizasiya sularının dənizə axıdılması ilə bağlı deyil. Rayon yerlərində bir çox göllərə biz axmaz deyərdik, yəni heç bir yerə axıntısı olmayan. Həmin göllərə yağış suları, suvarma suları toplanardı, amma ordan çıxış olmazdı. Bu göllərdə yosunlar əmələ gələrdi və ətrafa bəzən xoşagəlməz qoxular yayılardı. Məsələ burasındadır ki, axmaz dediyimiz su hövzələrində anaerob (oksigensiz) mühit formalaşır. Yəni, axmazın suyu “nəfəs ala bilmir”, hava, deməli oksigen suya daxil ola bilmir. Axar sular, məsələn çaylar, daima hərəkətdə olduqları üçün rahat nəfəs ala bilir, bu sular tamamilə şəffaf olur və içməyə də yararlı olur. Axmazlarda isə suyun tərkibində oksigensiz mühitdə anaerob bakteriyalar yaranır. Duran suyun, başqa sözlə axmaz suyunun pis qoxu yaymasının səbəbi odur ki, oksigensiz mühitdə yetişən anaerob bakteriyalar üzvi maddələrin parçalanmasına və nəticədə hidrogen sulfid qazının ayrılmasına gətirirlər.

Onlar mühitdə çürümə və iylənmə proseslərini stimullaşdırırlar. Ətrafa pis qoxunun yayılması həmin qazlarla bağlıdır. Dənizkənarı bulvarın aid olduğu Bakı buxtasını da hazırda bir axmaza bənzədə bilərik. Əvvəllər dənizin səviyyəsi yüksək olarkən, Bakı buxtasının suyu mütəmadi olaraq yenilənib, belə ki, Zığ burnu ilə Böyük Zirə adası arasından Xəzər dənizinin suyu, xüsusilə də küləkli havalarda asanlıqla Bakı buxtasına daxil ola bilirdi. Həmin ərazidə dəniz dayazdır, qayalıqlar silsiləsi var, elə ona görə də gəmilər həmin ərazidən Bakı buxtasına daxil ola bilmirlər. Son illər dənizin səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində həmin qayalıqlar üzə çıxıb, suyun hərəkətinin qarşısını alan baryer formalaşıb. Nəticədə Bakı buxtası duran su halına gəlib, axmaza çevrilib. Beləliklə, bulvarda pis qoxunun yayılmasının səbəbinin dənizin səviyyəsinin düşməsi və Bakı buxtasının bir axmaza çevrilməsi nəticəsində suda mikroorqanizmlərin kütləvi məhv olması və hidrogen sulfid qazının ətrafa yayılması olduğunu deyə bilərik.

Bəs vəziyyətdən çıxış yolu nədir? Təbii ki, bu həcmdə suyun biokimyəvi üsullarla təmizlənməsi qeyri-realdır. Burada buxtanın suyunun fasiləsiz yenilənməsi yolunu tətbiq etmək olar. Məsələn, Abşeron yarımadasının şimalından Bakı şəhərinin içərisindən keçən kanal, yaxud yeraltı borular vasitəsilə təmiz dəniz suyunun Bakı buxtasına ötürülməsini təmin etmək olar. Lakin, bu yol həm çox vaxt tələb edər, həm də çox baha başa gələr. Zənnimcə, ən uyğun yol, təqribən Hövsan-Türkan istiqamətlərindən Xəzərin suyunun təmiz olduğu yerlərdən  suyun borular vasitəsilə Bakı buxtasının müxtəlif yerlərinə çatdırılması ola bilər. Bu zaman, suyun ötürülməsi heç bir enerji tələb etməyən küləklə işləyən turbinlər vasitəsilə həyata keçirilə bilər. Xəzər dənizində külək həmişə var. Bu metodla Bakı buxtasında suyun fasiləsiz yenilənməsinə nail olmaq olar. Bu, həm tez başa gələr, həm də kifayət qədər ucuz olar. Nəticədə, çox qısa zaman ərzində bulvarda pis qoxunun yox olduğunu müşahidə edə bilərik. Bununla paralel olaraq, suyun daha sürətləyenilənməsini təmin etmək üçün cənub istiqamətində (Bibiheybətlə Böyük Zirə adası arasında) yenə də küləklə işləyən və suyun cənuba axınını həyata keçirən mexanizmlər quraşdırmaq olar.

Bakılıların və şəhərimizin qonaqlarının ən sevimli məkanı olan Dənizkənarı bulvarımızın gözəlliyinə və cəlbediciliyinə xələl gətirən bu halın aradan qaldırılması hamımızın arzusudur.

Məhəmməd Məhərrəmov,

Bakı Dövlət Universitetinin əməkdaşı,

biologiya elmləri namizədi                     

Seçilən
10
2
redaktor.az

3Mənbələr