AZ

Hamiləlikdə kimyəvi təmizləyici maddələrə məruz qalmaq: görünməyən təhlükələr - HƏKİM AÇIQLADI

“Hamiləlik dövrü qadın orqanizmi üçün həm fiziki, həm də emosional baxımdan ən həssas mərhələlərdən biridir. Bu dövrdə sağlamlıqla bağlı atılan hər bir addım yalnız ananı deyil, onun bətnindəki körpəni də birbaşa təsir altına alır. Məhz bu səbəbdən hamilə qadınların gündəlik həyatlarında, xüsusilə də ev işlərində istifadə etdikləri vasitələrə qarşı daha diqqətli olmaları vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Ləman Əliyeva sözlərinə belə davam edib: “Ən çox təhlükə yaradan maddələrdən biri isə ev təmizliyi üçün istifadə olunan kimyəvi məhsullardır.

Xüsusilə də hamam, tualet və mətbəx kimi yerlərin təmizlənməsində istifadə olunan güclü yuyucu, parladıcı və dezinfeksiyaedici vasitələrin tərkibində toksik (zəhərli) maddələr olur. Bu maddələr hamiləlik zamanı həm ananın sağlamlığına, həm də inkişaf etməkdə olan dölə mənfi təsir göstərə bilər.

Ana üçün risklər

Kimyəvi maddələrlə uzun müddət və ya qorunmasız təmas aşağıdakı narahatlıqlara səbəb ola bilər:
• Tənəffüs yollarının qıcıqlanması – Xüsusilə güclü qoxulu və buxarlı məhsullar burnun və boğazın yanmasına, öskürəyə və nəfəs darlığına səbəb ola bilər.
• Başgicəllənmə və mədə bulantısı – Hamiləlikdə onsuz da həssaslaşmış bədən bu cür kimyəvi təsirlərə daha sərt reaksiya verə bilər.
• Dəri və selikli qişaların yanıqları – Əllə birbaşa təmas nəticəsində dəri quruluğu, yanma, qaşınma, hətta qabıqlanma ola bilər. Göz və ağız qişalarına təsir edərsə, bu daha ciddi nəticələrə səbəb ola bilər.
• Kimyəvi maddələrin qana keçməsi – Bu maddələr ya dəri yolu ilə, ya da nəfəs vasitəsilə qan dövranına daxil ola bilər və orqanizmə yayılaraq toksik təsir göstərə bilər.

Döl üçün potensial təhlükələr

Hamiləlik zamanı ananın orqanizminə daxil olan hər bir zərərli maddə müəyyən dərəcədə dölə də ötürülə bilər. Bu zaman bəzi inkişaf riskləri yaranır:
• Nevroloji inkişaf pozğunluqları – Bəzi kimyəvi maddələr sinir sisteminə təsir edərək uşağın doğuşdan sonrakı intellektual və davranış inkişafına mənfi təsir göstərə bilər.
• Tənəffüs sistemində problemlər – Məlum olub ki, bəzi kimyəvi maddələr körpənin tənəffüs sistemini zəif inkişaf etdirə və onu gələcəkdə astma kimi xəstəliklərə qarşı həssas edə bilər.
• Aşağı çəkili doğuş – Ana bədəninə daxil olan toksinlər plasenta funksiyasını poza bilər ki, bu da dölün inkişafının ləngiməsinə, vaxtından tez doğuma və ya aşağı çəkili körpənin doğulmasına səbəb ola bilər.

Nə etmək olar? – Sadə, amma təsirli tövsiyələr
1. Kimyəvi vasitələrdən istifadəni minimuma endirin. Təbii və evdə hazırlanan təmizləyicilərə (sirkə, karbonat, limon suyu və s.) üstünlük verin.
2. Əlcəksiz və maskasız heç vaxt təmizlik etməyin.
3. Təmizlik zamanı mütləq otaqları yaxşı havalandırın.
4. Təmizliyi qısa fasilələrlə və açıq havada etməyə çalışın.
5. İmkan varsa, ağır kimyəvi təmizlik işlərini başqasına həvalə edin.

Unutmaq olmaz ki, hamiləlik təkcə fiziki sağlamlığa deyil, həm də ətraf mühitə qarşı daha həssas yanaşma tələb edən bir dövrdür. Kiçik görünən bu ehtiyat tədbirləri bəzən böyük risklərin qarşısını ala bilər”.

Ayşən Vəli

Seçilən
13
1
sia.az

2Mənbələr