AZ

İordaniya hərbi risklərə görə hava sahəsini müvəqqəti bağlanıb

BAKI, TurkicWorld

İordaniya hava məkanını bütün uçuşlar üçün müvəqqəti bağlayıb.

TurkicWorld xəbər verir ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ardından bölgədə artan gərginlik səbəbindən İordaniya hava məkanını müvəqqəti olaraq bütün uçuşlara bağlayıb.

İordaniya Mülki Aviasiya Tənzimləmə Təşkilatı tərəfindən yayımlanan açıqlamada, bu qərarın sərnişin və uçuş təhlükəsizliyini təmin etmək məqsədilə önləyici tədbir kimi qəbul edildiyi bildirilib. “Bölgədəki hərbi gərginlikdən doğan potensial risklər nəzərə alınaraq, ölkənin hava sahəsi bütün gələn, gedən və tranzit uçuşlar üçün bağlanıb”, – deyə bəyanatda vurğulanıb.

Qurum qərarın beynəlxalq mülki aviasiya təhlükəsizliyi qaydalarına uyğun olaraq qəbul edildiyini və vəziyyətin risk qiymətləndirmələri əsasında mütəmadi olaraq yenidən dəyərləndiriləcəyini bildirib. Aviaşirkətlərə sərnişinlərin məlumatlandırılması üçün zəruri elanların verildiyi də açıqlanıb.

Qeyd edək ki, İsrail bu gün səhər saatlarında İranın müxtəlif şəhərlərinə – Tehran, Təbriz, İsfahan (Natanz nüvə obyektləri), Luristan və Kirmanşaha – genişmiqyaslı hücumlar həyata keçirib. Hədəf alınan obyektlər arasında həm hərbi, həm də mülki infrastruktur olub.

Hücumlar nəticəsində İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun rəhbəri general-mayor Hüseyn Səlami və bir neçə nüvə alimi də daxil olmaqla yüksək rütbəli şəxslərin həlak olduğu bildirilir. Eyni zamanda mülki yaşayış məntəqələrinin də zərbələrə məruz qaldığı və çoxlu sayda mülki şəxsin həyatını itirdiyi qeyd olunur.

Seçilən
2
turkic.world

1Mənbələr