AZ

Aİ-dən Ermənistana “Çörək və tamaşa”

Yaxud “kökə təfəkkürü” ilə “köhnə qitə”yə gediş sərbəstliyi

“Çörək və tamaşa” – yəqin ki, çoxları bu deyimin mənasını bilir. Qədim Romada satirik şair Yuvenalın söylədiyi bu ifadə xalqı idarə etmək üsuluna işarədir: əsas olan onları əyləndirmək və doyurmaqdır. Məsələ barədə yazının sonunda daha ətraflı danışacağıq. Hələlik qeyd edək ki, iyunun 24-də Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı plan layihəsinin müzakirəsi keçiriləcək. Bu barədə Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner məlumat verib.
Əlbəttə, Ermənistanla Aİ ölkələri arasında viza rejiminin aradan qaldırılması, yəni birincinin vətəndaşlarının Şengen zonasına sərbəst gediş-gəlişinin tətbiqinə dair müzakirələr bir müddətdir gündəmdədir. Daha doğrusu, Aİ 2024-cü ilin iyulunda vizasız səfər barədə danışıq prosesinin başladığını təsdiqləyib. Həmin ilin sentyabrında bu məsələyə dair dialoqun rəsmi şəkildə başladığı açıqlanıb. Bu ilin ilk yarısında isə ilkin “Visa Liberalisation Action Plan”ın (VLAP) təqdim ediləcəyi gözlənilir. Çox güman ki, iyunun 24-də keçiriləcək müzakirələr də bununla bağlı olacaq. Ümumiyyətlə, Ermənistanın Şengen zonasına daxil edilməsi prosesinin 2-5 il çəkə biləcəyi bildirilir. Əgər hər şey plan üzrə getsə, erməni vətəndaşlar Şengen zonasında 90 günə qədər vizasız səyahət edə biləcəklər.
Bu yaxınlarda Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanla Maqnus Brunner arasında Brüsseldə həmin  məsələyə dair müzakirə aparılıb. Tərəflər qarşılıqlı təmasların gücləndirilməsi barədə razılığa gəliblər. Sarkisyan ölkəsində həyata keçirilən islahatlar barədə avropalı komissarı məlumatlandırıb və Ermənistanın viza rejiminin liberallaşdırılması üçün digər tədbirlərə də hazır olduğunu vurğulayıb. Habelə erməni nazir Brunneri gələn il Ermənistana səfərə dəvət edib ki, o, islahatlarla yerində tanış olsun və birgə əməkdaşlıq genişləndirilsin.
Aydındır ki, Aİ ilə vizasız gediş-gəliş məsələsi, əslində, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq məqsədi daşıyan şirnikləndirici addımlardan biridir. Bu, eyni zamanda, Cənubi Qafqazda Moskvanın təsirini azaltmağa yönəlmiş bir plandır. Başqa sözlə, Aİ-nin “erməni sevgisi”nin arxasında mütərəqqi və səmimi niyyətlər dayanması şübhə doğurur.
Digər tərəfdən, orta statistik erməni vətəndaşı düşüncə tərzi baxımından Avropa ailəsinə tamamilə yad bir obrazdır. Hazırda baş nazir Nikol Paşinyan administrasiyası ilə Aİ rəhbərliyi birləşərək özlərini elə təqdim edirlər ki, guya, ermənilərin Avropaya sərbəst səfəri fövqəladə hadisədir. Əslində isə bu, sadəcə vizanın alınmasına dair prosedurdan və təxminən, 100 avro rüsumdan azad olmaq deməkdir. Bəs bu 100 avro ilə Avropada nə etmək olar? Heç nə! Sıravi erməni böyük ehtimalla Avropanın küçələrində kökə ilə dolanacaq – çünki onun cibində başqa nəyəsə çatacaq pul olmayacaq.
Deməli, Ermənistanla Aİ arasında viza rejiminin ləğvi, əslində, diqqəti əsas problemlərdən yayındırmaq cəhdidir. Bu, fundamental yanaşma ola bilməz. Çünki fundamentallıq, ilk növbədə, rəqəmlərdə əks olunur. Hazırda Ermənistanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi Rusiya ilə ticarət dövriyyəsi ilə müqayisədə xeyli azdır və hətta 2023-cü ilə nisbətən bu sahədə azalma müşahidə olunur.
Uzun sözün qısası, Ermənistan heç bir halda, belə desək, Avropa ailəsinin parametrlərinə uyğun gəlmir. Elə buna görə də yazının əvvəlində qeyd etdiyimiz “Çörək və tamaşa” ifadəsi olduqca yerinə düşür. Aydın görünür ki, həm rəsmi İrəvan, həm də Aİ rəhbərliyi bu vasitə ilə erməni xalqının diqqətini əsas məsələlərdən yayındırmaq istəyir. Məqsəd, xalqın hüquq və azadlıqları, sosial ədalətsizliklər və real problemlər ətrafında düşünmək əvəzinə, ilğımlı vədlərlə məşğul olmasıdır. Başlıcası, erməni cəmiyyətinin avantürizm üçün lazım olan “kütlə roluna” uyğunlaşdırılması və alətə çevrilməsidir.

Ə.Rüstəmov
XQ

Seçilən
2
1
xalqqazeti.az

2Mənbələr