Çay mədəniyyəti bir çox ölkələrdə, xüsusilə də əsrlər boyu Asiyada gündəlik həyatın və qonaqpərvərlik ənənələrinin ayrılmaz hissəsi olub. Lakin bu içkilər arasında elələri də var ki, artıq sadəcə içki deyil, həm də dəyərli mədəni irs nümunəsinə çevrilib. Bəzi nadir çaylar istehsal olunsa da, içilmək üçün deyil - qorunmaq, sərgilənmək və simvolik şəkildə satılmaq üçün mövcuddur. Onlardan biri də Çin mənşəli, nadir və qiymətli “Dahong Pao” çayıdır.
Valyuta.az xəbər verir ki, bu çay həm tarixi əhəmiyyəti, həm də nadirliyi ilə dünyanın ən bahalı çayları sırasında lider mövqedədir.
Vuyi dağlarının mirvarisi
“Dahong Pao” çayı Çinin cənub-şərqində yerləşən Fujian əyalətinin Vuyi dağlarında yetişdirilir. Bu dağlıq bölgə zəngin minerallarla dolu torpaqları, rütubətli və dumanlı iqlimi ilə tanınır ki, bu da çaya unikal aroma və dad xüsusiyyətləri bəxş edir. Çay yarı-fermentləşdirilmiş Oolong növünə aiddir və həm yaşıl, həm də qara çayın xüsusiyyətlərini özündə birləşdirir.
Əfsanələrə sığınan tarixi
“Dahong Pao”nun yaranması ilə bağlı qədim bir əfsanə bu çayı daha da mistik və dəyərli edir. Rəvayətə görə, Ming sülaləsi dövründə bir imperatorun anası ağır xəstələnmiş və yalnız bu dağlıq bölgədə yetişən xüsusi bir çayla sağalmışdır. İmperator minnətdarlıq əlaməti olaraq həmin çay kollarına "böyük qırmızı xalat" (Dahong Pao) geyindirmiş və onları dövlətin himayəsinə vermişdir. Məhz bu hadisədən sonra çay öz adını almış və imperiya saraylarında xüsusi status qazanmışdır.
Çayın nadirliyi onu qoruyur
“Dahong Pao” çayını bu qədər bahalı edən əsas səbəblərdən biri onun nadirliyi və məhdud sayda mövcud olan orijinal ana kollarıdır. Bu kollar yalnız Vuyi dağlarında mövcuddur və onların sayının azlığı səbəbindən bu çay nadir olaraq əldə edilir. Çinin hökuməti bu ana kolları qoruma altına alıb və onlardan toplanan çay artıq satış üçün mövcud deyil – yalnız sərgilənir. Orijinal
“Dahong Pao” çayı isə yalnız 6 qədim ana kollardan (bəzən 3 və ya 4 olduğu da bildirilir) toplanır. Bu bitkilər təxminən 350 ildən artıq yaşı olan kol-kollar olub və Çin dövləti tərəfindən qorunan milli miras statusuna malikdir. 2006-cı ildən bəri bu kollardan çay yığımı tamamilə dayandırılıb.
Qiyməti
Ənənəvi olaraq bu orijinal çayın 1 kiloqramı 1,2 milyon ABŞ dolları (2 040 000 manat) qiymətinə çata bilər. Müasir dövrdə isə bu ana kolların klonlarından və ya daha yeni çay kollarından toplanan versiyaları bazarda daha əlçatan olsa da, yenə də 100–1000 dollar arası (170-1700 manat) qiymətlərlə satılır.
2005-ci ildə bir Çin hərracında 20 qram orijinal Dahong Pao çayı 208,000 yuana (o dövrdə təxminən 25,000 ABŞ dolları) satılıb. Bu satış bu çayın dünyanın ən bahalı çayı statusunu daha da möhkəmləndirib.
Dad və hazırlanma xüsusiyyətləri
“Dahong Pao” çayı dad baxımından çoxqatlı və zəngindir. Çayın dadında yüngül karamel, meyvə və mineral notlar hiss edilir. Bu dad palitrası çayın əl ilə toplanması, diqqətlə qovrulması və bir neçə mərhələli fermentasiya prosesindən keçirilməsi nəticəsində əldə olunur.
Çayın tərkibində bol miqdarda antioksidantlar, amin turşuları və təbii kofein mövcuddur. Bu da onu həm sağlamlıq baxımından faydalı, həm də gündəlik enerji ehtiyacını qarşılamaq üçün ideal içkiyə çevirir.
Bazar və müasir təqdimat formaları
Hazırda “Dahong Pao” çayı dünyanın müxtəlif ölkələrinə ixrac edilir və əsasən yüksək səviyyəli restoranlar, çay evləri və kolleksiyaçılar tərəfindən əldə olunur. Çin daxilində bu çay bəzən diplomatik hədiyyə kimi də istifadə edilir.
Bazarda bu çaya alternativ olaraq Tieguanyin, Shui Xian və digər Oolong növləri təqdim olunur ki, bunlar dad və aroma baxımından oxşar olsa da, qiymət baxımından daha əlçatan seçimlərdir.
Bugünkü bazarda satılan “Dahong Pao” çayları əsasən vegetativ üsulla (kökaltı şitillər vasitəsilə) çoxaldılmış kolların məhsuludur. Yəni genetik olaraq ana kollara bənzəsələr də, torpaq, iqlim və yetişdirmə fərqləri səbəbindən eyni dadda olmurlar. Buna görə də “real Dahong Pao” yalnız rəmzi və tarixi anlam daşıyır.
Çayın dəmlənmə qaydası da xüsusidir
Qiymətli çayın dəmlənməsi xüsusi üsullarla həyata keçirilir. “Dahong Pao” çayı ənənəvi Gongfu Cha üsulu ilə dəmlənir. Bu üsulda çayın təbii dad qatlarını hiss etmək üçün yüksək keyfiyyətli Yixing çini və ya daş çayniklərdən istifadə olunur. Dəmləmə temperaturu və vaxtı çox dəqiq tənzimlənir (təxminən 95°C-də, 10-20 saniyə ərzində bir neçə dəfə dəmlənə bilər).
Sərvanə Rəmixanova