“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Handysize” tipli “Murovdağ” quru yük gəmisi növbəti beynəlxalq səfərini uğurla başa çatdırıb. Gəmi Uruqvaydan (Cənubi Amerika) Afrika qitəsinə — Konqo Demokratik Respublikasına ümumilikdə 26 768 ton buğda çatdırıb.
Şirkətdən verilən məlumata görə, səfər Uruqvayın Nueva Palmiriya limanından başlayıb. “Murovdağ” 15 gün ərzində Atlantik okeanını keçərək, Afrika sahillərində yerləşən Matadi limanına çatıb.
Hazırda gəmi limanda yükünü boşaltmaq üçün lövbər reydində gözləmə mövqeyindədir.
Qeyd edək ki, “Murovdağ” quru yük gəmisi 38 min tonluq yükgötürmə qabiliyyətinə (dedveyt) malikdir. Gəminin uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan bu gəmi optimal dizayna malik oturumu sayəsində dayaz limanlara da sərbəst daxil ola bilir.