AZ

“Medinskinin açıqlaması diplomatik cəhətdən ciddi yanlışlıqdır” – Aytən Qurbanova – ÖZƏL

"Son günlər Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin verdiyi bir açıqlama cəmiyyətimizdə haqlı narahatlıq doğurub. Medinski Qarabağı guya "mübahisəli ərazi" adlandıraraq bu ifadəni Rusiya-Ukrayna müharibəsi kontekstində işlədib. Biz bu bəyanata sadəcə fikir kimi yox, diplomatik cəhətdən ciddi yanlışlıq kimi baxırıq".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib. O qeyd edib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və bu, həm hüquqi, həm də hərbi yolla tam təsdiqlənib:

"Qarabağ mübahisəli ərazi deyil, heç vaxt olmayıb. Qarabağ Azərbaycanın suveren torpağıdır və bu həqiqət həm hüquqi, həm də hərbi baxımdan tam bərqərar olunub. Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyində 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa edib. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi Qarabağda tam təmin olunub. Hal-hazırda həmin bölgədə Azərbaycan qanunları tətbiq olunur və dövlətin idarəçiliyi tam bərqərar edilib. Biz beynəlxalq hüquqa istinad edirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri, dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının bəyanatları bir mənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən, Rusiya Federasiyası da dəfələrlə bu prinsipi təsdiqləyib. Medinskinin səsləndirdiyi ifadə rəsmi Rusiya mövqeyi olmasa da, belə bəyanatlar dövlətlərarası münasibətlərə xələl gətirə bilər. Artıq Xarici İşlər Nazirliyi tərəfindən bu absurd bəyanata cavab verilib. Eləcə də, belə qərəzli bəyanatlara münasibətdə diplomatik kanallar vasitəsilə öz narazılığımızı bildirməklə yanaşı beynəlxalq təşkilatlar çərçivəsində də bu məsələ gündəmə gətirilərək beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqe nümayiş etditilməsi tələb oluna bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr