"Veteranlar əməkqabiliyyətilidirlər və biz onların məşğulluğunu təmin etməyə çalışırıq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O xatırladıb ki, veteranlara aylıq təqaüd verilir:
"Statistika Komitəsinin 2024-cü ilin statistik məlumatlarına görə, su, işıq, qaz üçün sərf edilən vəsait müvafiq olaraq 28 manat 70 qəpik, nəqliyyat xərcləri 24 manat 30 qəpik, rabitə xərcləri 12 manat 30 qəpikdir. Bu da ümumilikdə 65 manat edir ki, bu da 80 manatlıq təqaüddən 22 faiz yarım aşağıdır".
"Bu, onların gündəlik ehtiyaclarının bir hissəsinin qarşılanması üçün müəyyən edilib. Dövlət, əsasən, sosial təminat tədbirlərini əmək qabiliyyəti məhdud şəxslərə şamil edir. Bunlar da əlilliyi olan, pensiya yaşına çatmış və s. şəxslərdir. Veteranlarımız əməkqabiliyyətli insanlardır. Biz onların rifahının uzunmüddətli, dayanıqlı şəkildə dəstəklənməsinə çalışırıq. Dövlət olaraq çalışırıq ki, veteranlarımız daha fəal olsunlar, özünüməşğulluq proqramlarına cəlb olunsunlar. Bu, bu gün üçün yox, gələcəyə yönəlmiş hədəflərdir".
"44 günlük Vətən müharibəsindən sonra 26 600 şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluqla təmin olunub. Bunlardan 12 600 nəfər özünüməşğulluq proqramlarına cəlb olunub", - deyə o qeyd edib.