AZ

"Heydər Əliyev siyasətinin uğurları davamlıdır" - Vüqar Rəhimzadə

"Hər bir əlamətdar gün, bayram hesabat xarakteri daşımaqla yanaşı, həmin tarixin ölkənin, xalqın taleyində hansı rola malik olduğunu təhlil etmək, indiki və gələcək nəsillərə çatdırmaq üçün geniş imkanlar yaradır. Məsələyə bu kontekstdən yanaşdıqda əminliklə söyləmək olar ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 15 İyun 1993-cü ilin ölkəmizin bu günü və gələcəyi üçün əhəmiyyəti misilsizdir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Parlamentari bildirib ki,  “Konstitusiya və Suverenlik İli”ndə 15 İyun - Milli Qurtuluş Gününü tamamilə fərqli bir ovqatda, sonsuz qürur və iftixar hissi ilə qeyd edirik.

"Bu baxımdan ki, hazırda Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yaratdığı yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, qüdrətli Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır ki, 2025-ci il bu ali sənədin qəbul edilməsinin 30 və Vətən müharibəsində Qələbəmizin 5 ilinin tamam olması ilə tarixə yazılır. Hər iki əlamətdar hadisə 15 iyun 1993-cü ildən başlanan yolun təqdimatlarıdır. 

Real müstəqilliyimizin başlanğıc günü

Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu Azərbaycan dövlətinin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heç də təsadüfi deyil ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına qazandığı müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi qiymətləndirilir.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə Onun şah əsəri kimi dəyərləndirilən Azərbaycanı zirvələrə qaldırdı, Günəş kimi dünyaya doğmasını təmin etdi, ən əsası xalqımızın öz tarixi torpaqlarına qovuşması, tarixi ədalətin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması üçün möhkəm baza yaratdı.

Bu gün qürurla tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edərkən onun yaratdığı reallıqlar fonunda 2022-ci ildə Qarabağın tacı Şuşanın 30 ildən sonra dünya azərbaycanlılarını bir araya gətirərək Zəfər Qurultayına şahidlik etməsini xatırlamaya bilmərik. Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında bildirdi ki, buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Dövlətimizin başçısı onu da qeyd etmişdir ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.

Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Milli Qurtuluş günündən başlanan yol Azərbaycanı yeni-yeni hədəflərə nail olmasını təmin etməklə beynəlxalq münasibətlər sistemində söz sahibliyini möhkəmləndirir, tarixi ədalətin bərpası fonunda yeni çağırışlara istiqamətləndirir. Bu yol xalqımızı Qərbi Azərbaycana da qovuşduracaq. Tezilklə dövlət başçısı İlham Əliyev bu müjdəni də xalqımıza çatdıracaq". 

Seçilən
85
7
unikal.az

10Mənbələr