Xəbər verdiyimiz kimi, ötən gün Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığında Air India aviaşirkətinə məxsus AI171 reysi ilə hərəkətdə olan sərnişin təyyarəsi sıx yaşayış məntəqəsinə düşüb.
News24.az xəbər verir ki, təyyarədə olan 242 nəfərdən 241-i həyatını itirib, yalnız bir sərnişin sağ qalıb. Aviaşirkət hadisəni təsdiqləyərək, sağ qalan şəxsin hazırda xəstəxanada müalicə aldığını açıqlayıb.
Hadisə yerində xilasetmə və axtarış işləri davam edir. Onlarla xilasedici və tibbi heyət cəsədlərin çıxarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün çalışır.
Yerli mətbuatın yaydığı məlumata görə, təyyarədə yerləşən iki kara qutudan biri – Flight Data Recorder (FDR) – artıq tapılaraq analiz üçün aidiyyəti qurumlara təhvil verilib. Təyyarənin ön hissəsində yerləşən ikinci qutunun axtarışı davam edir.
Qəzanın səbəblərini araşdırmaq üçün çoxmillətli istintaq qrupu yaradılıb. Hindistanın rəhbərliyi altında aparılacaq araşdırmalara Böyük Britaniyanın Hava Qəzaları üzrə İstintaq Bürosu, ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və təyyarənin istehsalçısı Boeing şirkətindən mütəxəssislər də qoşulacaq. Hadisə zamanı həyatını itirənlər arasında Britaniya vətəndaşlarının da olması beynəlxalq iştirakı zəruri edib.
Air India rəhbərliyi hadisədən dərhal sonra yas içində olan ailələrə dəstək vermək və yerli orqanlarla əməkdaşlıq etmək məqsədilə hadisə yerinə xüsusi nümayəndə heyəti göndərib.
Aqil