"Vətəndaş qaz çəkilişi zamanı, mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. Indi onlar sabit tarif də ödəməlidir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.
R.Nurullayev hesab edir ki, əhali kommunal xidmətlərdən istifadəyə görə əlavə ödəniş etməməlidir: "İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Sabit tarif variantı mənə ədalətli yanaşma kimi görünmür. Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq".
Firuzə Əliyeva
Sfera.az