Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti “Barys-A” (“Terrex Barys-A 8×8”) amfibiya döyüş maşınının sınaqlarını keçirir.
“Poliqon” xəbər verir ki, bununla bağlı KPE və “Weapon Systems Engineering” şirkətlərinin təsisçisi, Qazaxıstan Müdafiə Sənayesi Müəssisələri Assosiasiyasının sədri Aybek Barısov özünün “Instagram” hesabında videogörüntü paylaşıb.
Videoda görünür ki, sınaq zamanı “Barys-A” amfibiya döyüş maşınının suda üzmək qabiliyyəti yoxlanılıb. Bundan başqa, sözügedən görüntüdə diqqət çəkən məqamlardan biri də döyüş maşının “köpəkbalığı” (“akula”) tərzində rənglənməsi olub.
Qeyd edək ki, KPE şirkəti amfibiya tipli yeni “Terrex Barys-A 8×8” döyüş maşınını cari ilin aprelində təqdim edib. Bu zirehli amfibiya döyüş maşını Sinqapurun “Singapore Technologies Engineering” şirkətinin məhsuludur. Ancaq onun layihələndirilməsi və təkmilləşdirilməsi hüququ ilə bağlı bütün sənədlər Qazaxıstan tərəfindən satın alınıb. Gələcəkdə hərbi maşın müxtəlif hava və təbii şəraitdə ciddi sınaqlardan keçiriləcək. Əgər “Terrex Barys-A 8×8” amfibiya döyüş maşını qızmar istidə, dondurucu soyuqda, bataqlıqda və qumda öz bacarıqlarını sübut edə bilsə, həmin vaxt onun kütləvi istehsalına icazə veriləcək.
Hərbi maşın içəridəki əsgəri 10 kiloqram trotilin partlamasından qoruya bilir. Bir ədəd tank əleyhinə minanın tərkibində 7 kiloqram trotil olduğunu nəzərə alındıqda, çoxməqsədli amfibiya döyüş maşınının yüksək səviyyədə qorunma qabiliyyətinə malik olduğu görülür.
8×8 təkər formullu “Terrex Barys-A” amfibiya döyüş maşını universal platformada quraşdırılıb. Belə platformadan zirehli transportyor, təkərli tank, 120 mm-lik mobil minaatan, komanda-qərargah maşını, hərbi kəşfiyyat maşını və qısa mənzilli zenit-raket kompleksi yaratmaq üçün istifadə oluna bilər. Bu, Qazaxıstan Ordusu üçün universal, inteqrasiya olunmuş zirehli hərbi maşınlar xəttinin yaradılmasına, eləcə də texniki xidmət və təmir xərclərinin azaldılmasına imkan verəcək.
İkisi ekipaj üzvü olmaqla 12 əsgəri daşıya bilən “Terrex Barys-A”nın mühərriki 600 at gücündədir.