İrana bir çox dəfə anlaşma üçün şans verdim. Onları ciddi şəkildə xəbərdar etdim: "Sadəcə bunu edin". Amma uğursuz oldular. Dedim ki, nəticəsi gözlədiklərindən də pis olacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.
“ABŞ dünyanın ən güclü, ən ölümcül silahlarını istehsal edir. İsraildə çoxu var və daha çoxu da yoldadır. Bəzi iranlı sərt xətt tərəfdarları özlərini cəsarətli göstərməyə çalışdılar, amma onların hamısı indi artıq ölüdür. Vəziyyət daha da pisləşəcək. Artıq böyük dağıntılar olub, amma hələ də yeni vəhşi hücumların qarşısını almaq üçün bir razılaşma mümkündür. İran qalan imperiyasını qorumaq üçün indi hərəkət etməlidir. Daha çox ölüm, daha çox dağıntı olmasın. Sadəcə edin, daha gec olmadan”, - ABŞ lideri qeyd edib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.