AZ

Günay Əfəndiyeva: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir çox ikitərəfli təhsil sazişlərinin imzalanması, diplomların qarşılıqlı tanınması və ortaq universitetlərin yaradılması bu sahədə atılan mühüm addımlardır. Bu kimi təşəbbüslər həm də ümumtürk inteqrasiyasının sürətləndirilməsinə və nəsillərin ümumi dəyərlər əsasında yetişdirilməsinə də xidmət edir...

"Report" xəbər verir ki, bu fikirləri TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini, deputat Günay Əfəndiyeva Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında deyib.

O, “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində yaxınlaşma prosesləri: problemlər və inkişaf perspektivləri” adlı hesabat məruzəsinin TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin təqdim etdiyi məlumatlara, həmçinin dövlət və beynəlxalq səviyyədə açıq rəsmi mənbələrə istinadən hazırlandığını bildirib:

"Hesabata əsasən, mövcud təhsil əməkdaşlığı çərçivəsində elm və təhsil nazirlikləri arasında imzalanan müqavilələr əsasında kurikulumların uyğunlaşdırılması, dərsliklərin tərcüməsi, müəllim və tələbə mübadiləsi, eləcə də ixtisasartırma təlimlərinin təşkili istiqamətində işlər davam etdirilir. Bu tədbirlər praktiki əməkdaşlığı genişləndirməklə yanaşı, təhsil sistemlərimizin bir-birinə yaxınlaşdırılmasına zəmin yaradır. Digər tərəfdən, ölkələrimizdə ibtidai və orta təhsilin əhatə dairəsi 95-100 faiz səviyyəsindədir. Bu göstərici dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər".

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini söyləyib ki, kənd və ucqar bölgələrdə təhsilə çıxış imkanlarının azlığı, infrastrukturun yetərsizliyi, rəqəmsal avadanlıqla təminatın aşağı səviyyədə olması və ali təhsilə əlçatanlıqda müşahidə olunan fərqliliklər geniş türk coğrafiyasında insan kapitalının bərabər inkişafına maneə yaradır:

"Təhsil resurslarının və müasir tədris texnologiyalarının tətbiqinin bölgələr arasında tarazlı şəkildə paylanması, gənclərimizin əmək bazarına bərabər imkanlarla daxil olmaları üçün də vacib əhəmiyyət daşımaqdadır. Bu çatışmazlıqların və maneələrin aradan qaldırılması təhsil sisteminin daha effektiv və ədalətli işləməsi üçün prioritet məsələyə çevrilməli, bütün bölgələrin eyni şərtlərlə təmin olunması üçün ciddi tədbirlər görülməlidir. Bu, təhsil sistemlərinin yaxınlaşdırılmasına dair yeni strategiyanın əsas istiqamətlərindən birini təşkil edə bilər. Biz hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etmək lazımdır".

Poliqon.info 

Seçilən
1
3
poliqon.info

4Mənbələr