AZ

Büdcə siyasəti milli iqtisadiyyatımızın dayanıqlı inkişafına xidmət edir

Ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi nöqteyi nəzərdən makroiqtisadi siyasətin ən mürəkkəb istiqamətlərindən olan büdcə siyasətinin 2024-cü il ūzrə icrasının sistemli təhlili onu bildirməyə əsas verir ki, ötən il respublikamızda reallaşdırılan büdcə prosesi iqtisadiyyatımızın rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə köklənmişdir.

Eyni zamanda, region və dünya iqtisadiyyatında baş verməkdə davam edən proseslərə qarşı büdcədə müvafiq adaptiv və reaktiv mexanizmlərin tətbiq edilməsinin dünya iqtisadiyyatında mövcud olmuş böhran təzahürlərinin milli iqtisadiyyatımıza təsir və təzyiqlərinin azaldılmasına şərait yaratmasını xüsusilə qeyd etmək vacibdir.

Bu kontekstdə beynəlxalq müstəvidə formalaşmış çağırışlar ölkəmizin əsas makroiqtisadi göstəricilərində və o cümlədən, təbii ki, büdcə prosesində öz təsirlərini tapmalıdır.

Bununla belə, aydındır ki, büdcə siyasəti milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə istiqamətlənməlidir.

Düşünürəm ki, 2024-cü il üzrə dövlət büdcəsinin icra olunması göstəriciləri bir qədər öncə qeyd edilən hər iki hədəfə nail olmaq üçün, yəni xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmlərin qurulması və daxili sosial, eləcə də iqtisadi prioritetlərin reallaşdırılması baxımından müvafiq bünövrə formalaşdırmışdır.

Qeyd etmək lazımdır ki, 2024-cü il üzrə dövlət büdcəsinin icra edilməsi ilə bağlı müvafiq göstəricilər onu deməyə əsas verir ki, ötən il büdcə kəsirinin parametrləri müvafiq, beynəlxalq səviyyədə qəbul edilmiş, normativlər çərçivəsində olmuşdur..

Eyni zamanda, fikrimcə, makroiqtisadi riskləri yüksəltmədən büdcə kəsirinin gələcəkdə bir qədər də artırılmasının mümkünlüyü nəzərdən keçirilə bilər.

Bu məsələ, zənnimcə, xüsusi diqqət kəsb edir. Belə ki, investisiya həcminin, işgüzar fəallığın artırılması baxımından büdcə kəsirinin həcminin yüksəldilməsi müvafiq stimullaşdırıcı effekt verə bilər.

Burada kəsirin idarə edilməsi ilə bağlı optimal yanaşmaların tətbiqi, hesab edirəm ki, böyük önəm kəsb etməkdədir.

Ümumən son illər ölkənin əsas maliyyə sənədinin daxilolmalar və xərclər seqmentləri üzrə mövcud olmuş davamlı və dayanıqlı artımlar, zənnimcə, büdcə imkanlarımızın genişlənməsini göstərməklə yanaşı õlkəmizdə həyata keçirilən büdcə siyasətinin aparıcı milli iqtisadiyyatlarda müşahidə edilən müvafiq trendlərlə uyğunluq təşkil etməsini bir daha təsdiq edir.

Belə ki, milli gəlirin daha çox hissəsinin büdcə vasitəsilə təkrar bölgüsü artıq öz effektivliyini beynəlxalq müstəvidə göstərmiş bir mexanizmdir. Sevindirici haldır ki, ölkəmizdə həmin yanaşma təbiq edilməkdədir.

Seçilən
3
2
publika.az

3Mənbələr