AZ

Şərqşünas: "İsrail-İran müharibəsi Suriya və İraqa keçə bilər"

Belə bir kütləvi zərbə alan İran İsrailə adekvat cavab verməyə çalışacaq. Çünki Yaxın Şərqdə və ümumiyyətlə, Şərq mədəniyyətində zərbədən sonra digər yanağını da çevirmək qəbul olunmur. Tehran zəifləmədiyini düşmənlərinə və qonşularına göstərməlidir. Bu barədə Gazeta.Ru-ya tanınmış ərəbşünas və şərqşünas Andrey Çupriqin məlumat verib.

"İran PUA-ları artıq İraq və Suriyanın hava məkanından İsrailə hücum edirlər. Yayılan məlumatlara görə, israillilər ballistik raket zərbələri də gözləyirlər. Bu eskalasiyanın nə vaxt dayanacağını söyləmək çox çətindir. Lakin İran nüvə proqramı razılaşması ilə bağlı amerikalılarla danışıqların növbəti raundunu artıq ləğv edib. Bu, İran rəhbərliyinin zəiflik nümayiş etdirməmək qərarına gəldiyinin göstəricisidir",- ekspert qeyd edib.

O belə hesab edir ki, İsraillə İran arasında münaqişə qaçılmazdır, lakin bu qarşıdurmanın nə dərəcədə böyüyəcəyi sual altındadır: "Müharibə olacaq, amma əsas sual bu müharibənin sonda nə ilə nəticələnəcəyidir. Ümid edə bilərik ki, bu, bir il əvvəl Tel-Əviv və Tehranın raket zərbələri və PUA hücumları təşkil etdiyi və sonda sakitləşdiyi hadisələrdə olduğu kimi olacaq. Yaxud da böyük müharibə başlaya bilər. İran və İsrailin quru sərhədinin olmadığını nəzərə alsaq, bu müharibə digər dövlətlərin ərazisində və konkret olaraq Suriya və İraqda da baş verəcək."

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Seçilən
26
news365.az

1Mənbələr