AZ

"Gizli texnologiyalar və ağıllı taktikalar: müasir müharibənin yeni ssenarisi" - "The Wall Street Journal"

 
"Rəqibin daxilində inamsızlıq, qorxu və çaşqınlıq yaratmaq - bu, ən azı raketlə vurulan obyekt qədər dağıdıcı ola bilər..."
 
Müasir müharibə artıq klassik cəbhə döyüşlərindən ibarət deyil. Rəqibi zəiflətmək üçün fiziki qüvvədən çox ağıllı həmlələr, yüksək texnologiya və çoxsəviyyəli casusluq şəbəkələri ön plana çıxır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, İsrail və Ukrayna bu transformasiyanın önündə gedən iki əsas ölkədir. Onların tətbiq etdiyi kompleks hərbi-siyasi taktikalar 21-ci əsrdə döyüş strategiyalarını kökündən dəyişməkdədir.
 
İsrailin daxilə sızma taktikası
 
İsrailin 13 iyun gecəsi İrana qarşı həyata keçirdiyi hücum bu modelin bariz nümunəsidir.
 
İsrail Müdafiə Qüvvələri İran ərazisində -Asfaqabad bazası yaxınlığında gizli bir dron bazası yaratmağa nail olub. Bu baza vasitəsilə "kamikadze" tipli dronlar birbaşa "yer-yer" raketlərinin start komplekslərinə zərbələr endirib.
 
Bundan əvvəl "Mossad" agentləri İranın hava hücumundan müdafiə sistemlərinə yaxın ərazilərə yüksək dəqiqlikli sursatlar yerləşdirib, bəzi maşınlara isə xüsusi rabitə pozucu cihazlar quraşdırı . Hücum başlayanda həmin cihazlar sinxron şəkildə işə düşərək İran HHM-ni neytrallaşdırıb. Ardınca isə İsrail qırıcıları qərbi İranda onlarla radar və "yer-hava" raket sistemlərini sıradan çıxarıb.
 
Bu əməliyyat həm texniki mükəmməllik, həm də psixoloji üstünlük baxımından uğurlu hesab olunur. İddialara görə, zərbələr nəticəsində SEPAH komandiri Hüseyn Salamiyə qədər yüksək rütbəli şəxslər də öldürülə bilər. İran dərhal "məhdudiyyətsiz cavab" və "yeni nəsil silahlarla qarşılıq" vədi verib.
 
Ukraynanın "Hörümçək toru" strategiyası
 
İsrailin bu taktikasına bənzər şəkildə, Ukrayna da "Hörümçək toru" adlandırılan xüsusi əməliyyatla dünya gündəminə düşüb. "The Wall Street Journal" nəşrinin məlumatına əsasən, Ukrayna kəşfiyyatı Rusiyanın strateji bombardmançı təyyarələrini dronlar vasitəsilə arxa cəbhədə məhv etməyə nail olub. Bu təyyarələr daha əvvəl ukraynalı mülki vətəndaşlara qarşı raket hücumları üçün istifadə edilib.
 
Ukraynanın bu əməliyyatı bir neçə mərhələdən ibarət olub və uzunmüddətli kəşfiyyat işləri nəticəsində həyata keçirilib. Ən önəmlisi isə əməliyyat planlaşdırılarkən mülki itkilər minimuma endirilib. İsrailin Livan ərazisində "Hizbullah"a qarşı keçirdiyi oxşar əməliyyatda isə təəssüf ki, mülki itkilər qaçılmaz olub.
 
Ukraynalı rəsmilər açıq şəkildə etiraf edir ki, onların ilham mənbəyi İsrailin kəşfiyyat uğurları və "Mossad" modelidir. Hələ 2022-ci ildə Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat rəhbəri Kirill Budanov nəşrə verdiyi müsahibə zamanı masa üzərinə "Mossad" haqqında kitab qoymuşdu. Bu rəmzi addım onların istiqamətini aydın şəkildə göstərirdi.
 
Texnologiya və casusluq: yeni müharibə paradiqması
 
Hər iki əməliyyat - həm İsrailin, həm Ukraynanın həyata keçirdiyi zərbələr göstərdi ki, müasir müharibədə texnologiya və yüksək səviyyəli casusluq bir-birini tamamlayır. Bu əməliyyatlarda istifadə olunan texnologiyalar - kiçik, lakin güclü batareyalar, xüsusi rabitə şəbəkələri, yüksək dəqiqlikli dronlar yalnız fiziki təsir yaratmaqla kifayətlənmir, həm də qarşı tərəfdə xaos və paranoya yaradır.
 
Keçmiş MKİ rəsmisi Den Hofman qeyd edir ki, bu cür əməliyyatların psixoloji təsiri bəzən fiziki zərbədən daha effektiv olur: "Rəqibin daxilində inamsızlıq, qorxu və çaşqınlıq yaratmaq - bu, ən azı raketlə vurulan obyekt qədər dağıdıcı ola bilər".
 
"Mossad"ın sabiq direktoru Eyal Tsir Koenin fikrincə, texnologiyanın imkanları genişlədikcə, düşmənin zəif nöqtələrini aşkara çıxarmaq və ənənəvi sərhədləri aşmaq daha da mümkün olur. Ukraynanın Qara dənizdə istifadə etdiyi sualtı dəniz dronları, Rusiya donanmasına qarşı tətbiq edilən yeni taktika ilə, artıq müharibənin yalnız quru və hava ilə aparılmadığını göstərib.
 
Yeni dövrün dərsləri
 
Bu hadisələrdən nəticə çıxaran hər bir ordu artıq müharibəyə dair ənənəvi anlayışları kənara qoymalı, asimmetrik mübarizəyə və yüksək texnologiyanın istifadəsinə yönəlməlidir. Təkcə güclü orduya sahib olmaq kifayət deyil, önəmli olan düşmənin zəif yerini texnoloji ağılla tapmaq və hədəfə çevirməkdir. İsrail və Ukraynanın uğurları sübut edir ki, planlaşdırma, strateji səbr və yüksək səviyyəli koordinasiya olduğu halda, azsaylı resurslarla belə supergüclərə qarşı effektiv müqavimət göstərmək mümkündür.
Seçilən
45
moderator.az

1Mənbələr