Astarada arxeoloji qazıntılar nəticəsində yeni nümunələr və elementlər aşkarlanıb.
“Report”un Cənub bürosunun məlumatına görə arxeoloji qazıntıların aparıldığı Əlişa qalasında yeni tapıntılar aşkar olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar 2025-ci il iyunun 2-dən etibarən davam edir. Qazıntılar nəticəsində XIV əsrə aid şirli və şirsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxıb. Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya qrupu nəzarət edir.
Ümumilikdə 500 m² sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, sitadel sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilən XII - XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.
Hirkan Dövlət Təbiət Qoruğunun girişində, strateji yüksəklikdə yerləşən Əlişa qalası elmi cəhətdən indiyədək tədqiq olunmayan abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında start verilib və hazırda tədqiqatlar intensiv şəkildə davam etdirilir.
Əlişa qalasında aparılan tədqiqatlar bölgənin qədim və orta əsrlərə aid mədəni-tarixi irsini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qalanın turizm potensialı da artır. Bu səbəbdən ziyarətçilərin təhlükəsizliyi, həm də ekspedisiyanın rahat fəaliyyəti üçün yol infrastrukturu yaradılır.
MƏLUMAT YENİLƏNİR