AZ

"MuğanBank" 25 min kreditə görə 39 min manat istəyir – Jurnalist Fikrət Fərəməzoğlu

"MuğanBank" 25 min kreditə görə 39 min manat istəyir – Jurnalist Fikrət Fərəməzoğlu

Jurnalist Fikrət Fərəməzoğlu uzun müddətdir qarşılaşdığı ciddi şəxsi və maliyyə problemi ilə bağlı ictimaiyyətə müraciət edib.

AFN.az xəbər verir ki, o, həm özünün, həm də həyat yoldaşının səhhəti ilə bağlı yaranmış problemlər səbəbindən dəfələrlə kredit götürməyə məcbur olub. Lakin kredit ödənişlərində yaranan çətinliklər və bankla bağlı yaşanan anlaşılmazlıq vəziyyəti daha da gərginləşdirib. Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlardan müdaxilə və ədalətli həll gözlədiyini bildirib:

"Həbsdən çıxdıqdan sonra səhhətimdə yaranmış problemi aradan qaldırmaq üçün bir müddət müalicə aldım. Lakin bir müddət sonra həyat yoldaşımın səhhətində ciddi bir problem üzə çıxdı. Elə bir problem ki, tam 5 ildir ailəlikcə mübarizə aparırıq. Təbii ki, maddi imkanlarım o qədər deyildi ki, belə uzun sürən və həyati əhəmiyyət daşıyan problemi aradan qaldıram. Ona görə də, əməliyyat xərclərini qarşılamaq üçün məcbur olub evimi girov qoyaraq, kredit götürməli oldum. Birinci mərhələdə götürdüyüm krediti bir təhər bağladım. Lakin yoldaşımın əməliyyatı üçün (indiyə qədər 4 dəfə əməliyyat keçirib, hələ qarşıda daha bir ağır proses var) yenidən kredit götürmək məcburiyyətində qaldım".

F.Fərəməzoğlu bildirib ki, “Muğan Bank”dan götürdüyü kreditin bir hissəsini ödəsə də, həm bankın bağlanması (3 ay ödəniş qəbul edilməyib), həm də maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişlərdə gecikmə yaranıb:

"Amma mümkün qədər əlimə düşən qədərini ödəyirdim ki, problem yaranmasın. Belə ki, 25 min manat kreditin 11 min manatını ödədikdən sonra yaranan yubanmaları aradan qaldırmaq üçün banka baş vurdum. Mənə uzun hesab-kitabdan sonra 28 min 200 manat ödəməli olduğumu bildirdilər. Üstəlik, ödədiyim 11 min manatın 7 min manatını faizlərə çıxdıqlarını bildirdilər. Bu azmış kimi, gecikmə səbəbini “əsas gətirib” faizləri 46 faizlə hesablayıblar. Onların məntiqi ilə mən “Muğan Bank”a 25 min manatın müqabilində 39 min manat ödəməliyəm.

Bir neçə vaxtdır banka təklif edirəm ki, həmin 46 faiz məsələsini ləğv etsinlər. Bu oratalama 6-7 min manat az vəsait deməkdir ki, onu da hissə-hissə ödəyim. Lakin heç bir şəkildə qəbul etmirlər.

Dünyanın heç bir ölkəsində 25 min manata görə, 39 min pul geri qaytarılması qaydası yoxdur. Bağlanmış bir bankın öz ağlıyla istədiyi faiz dərəcəsi müəyyən etməsi kimi bir qaydada mövcud deyil. Bunu sələmçilər belə etmirlər.

Bir tərəfdən, həyat yoldaşımın sağalması üçün xərcləri qarşılamalı (ki, kiçik məbləğ tələb etmir), digər tərəfdən bu xərcləri qarşılamaq üçün lomabrdan götürdüyüm pulu geri ödəməliyəm. Əlimdəki 5-10 qram qızılı lombardlara qoyub, götürməkdən artıq bezmişəm. İndi isə nə edəcəyimi bilmirəm".

Seçilən
41
afn.az

1Mənbələr