AZ

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir ŞƏRH

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçiliyimizin formalaşmasında dönüş nöqtəsi, xalqımızın gələcəyini müəyyən edən ən mühüm məqamlardan biridir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, fədakarlığının və qətiyyətli liderliyinin sayəsində Azərbaycan dövlətçiliyi yenidən qurulub, xalqımız ağır faciələrdən, siyasi böhranlardan və vətəndaş qarşıdurmalarından xilas edilərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

O xatırladıb ki, 1987-ci ilin oktyabrında Sovet İttifaqının ali siyasi rəhbərliyində təmsil olunan Ulu Öndər Heydər Əliyev M.Qorbaçovun rəhbərliyi ilə aparılan ziddiyyətli və milli maraqları nəzərə almayan siyasətə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən könüllü şəkildə istefa verdi. Bu hadisədən cəmi iki həftə sonra Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi ilə bağlı açıq iddialar səsləndirildi. Ermənipərəst sovet rəhbərliyi və imperiyanın mərkəzi strukturunda əyləşmiş havadarlar bu separatizmi dəstəkləməklə regionda etnik qarşıdurmaya, milli faciələrə zəmin yaratdılar. Ulu Öndər hakimiyyətdə olsaydı, bu cür dağıdıcı proseslərə yol verilməzdi. Onun siyasi uzaqgörənliyi və qətiyyəti erməni millətçilərinə bu cür addımlar atmağa imkan verməzdi.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə yaranmış siyasi idarəsizlik və silahlı dəstələrin özbaşınalığı dövlətçiliyin əsaslarını sarsıtdı. AXC-Müsavat iqtidarının təcrübəsizliyi, dövlət idarəçiliyi sistemindən bixəbərliyi və populist yanaşmaları ölkəni xaosa sürüklədi. Separatçılıq meylləri baş qaldırdı, vətəndaş qarşıdurmaları baş verdi. Vətəndaş müharibəsi təhlükəsi real səciyyə daşıyırdı. Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi reallaşmaqda idi. Belə bir dövrdə xalqın bütün təbəqələrinin gözü yalnız bir şəxsiyyətə – Ulu Öndər Heydər Əliyevə dikilmişdi. Hətta o dövrün hakimiyyəti olan AXC-Müsavat cütlüyü belə dövlət idarəetməsində aciz qaldıqlarını etiraf edərək Ulu Öndər Heydər Əliyevdən kömək istədilər. Nəticədə 1993-cü il iyunun 9-da xalqın və ölkə rəhbərliyinin dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Bu, təkcə fiziki qayıdış deyil, həm də milli dövlətçiliyin, xalqın inamının, sabitliyin və gələcəyin qayıdışı idi. 1993-cü ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə prezident səlahiyyətləri ona verildi. O andan etibarən Azərbaycanda yeni bir dövr başladı – milli qurtuluş və sabit inkişaf mərhələsi. Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Hakimiyyət böhranını aradan qaldırdı, silahlı birləşmələri tərk-silah etdi, separatçılıq cəhdlərinə son qoyuldu və ictimai-siyasi sabitlik bərpa olundu.

Ş.Seyidzadənin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev şəxsi həyatını təhlükəyə ataraq Gəncəyə yollandı və orada baş qaldırmış hərbi qiyamın qarşısını aldı. Bu, onun ölkənin sabitliyi uğrunda necə fədakar mübarizə apardığını bir daha sübut etdi. Azərbaycanı yenidən qurmağa, onu demokratik və hüquqi dövlətə çevirməyə başlayan Ulu Öndər Heydər Əliyev xalqın gələcəyini təmin edəcək bütün zəruri addımları atdı.

1993-2003-cü illərdə Azərbaycanın bütün sahələrində əsaslı islahatlar həyata keçirildi. İlk demokratik parlament seçkiləri təşkil edildi, 1995-ci ildə referendum yolu ilə yeni Konstitusiya qəbul olundu. Qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, mülki asayiş bərpa edildi, iqtisadiyyat dirçəldildi. “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişləri imzalanaraq Azərbaycanın gələcək iqtisadi inkişafının əsası qoyuldu. Ölkəyə xarici sərmayələr cəlb olundu, hüquqi islahatlar həyata keçirildi, ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində vətəndaş həmrəyliyi və sabitlik mühüm yer tuturdu. Onun liderliyi ilə ölkədə milli birliyə nail olundu, insanlar dövlətə və gələcəyə inam qazandı. Ulu Öndər Heydər Əliyev xalqa verdiyi vədə hər zaman sadiq qalaraq, Prezident seçildiyi gün andiçmə mərasimində söyləmişdi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu sözlər onun siyasi fəaliyyətinin əsas şüarına çevrilmişdi.

“1992-ci ilin noyabrında Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası (YAP) faktiki olaraq Azərbaycanın müasir siyasi sisteminin bünövrəsini qoydu. Bu partiya yalnız siyasi təşkilat deyil, həm də milli ideologiyanın daşıyıcısı, müasir dövlətçilik platformasının əsas sütunlarından biri oldu. Qısa müddətdə ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrilən YAP Ulu Öndər Heydər Əliyevin ideyalarını yayaraq dövlətçilik prosesinə dərin təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin 1993–2003-cü illərdəki rəhbərliyi Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi. Azərbaycan müstəqil siyasət yürüdən, dünya birliyində öz yerini tapan, regional və qlobal layihələrin təşəbbüskarı olan dövlətə çevrildi. Bu illərdə başlanan islahatlar və sabitlik müasir dövrün reallıqlarını müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan modernləşən, dinamik inkişaf edən, dünya miqyasında nüfuzu artan dövlətə çevrilmişdir. Dövlətçilik ənənələri qorunmuş, ordu quruculuğu, iqtisadi islahatlar, sosial rifah proqramları ardıcıl şəkildə davam etdirilmişdir. 2020-ci ilin Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə də məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf və güclü ordu strategiyasının bəhrəsidir. Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək, Şuşanı, Qarabağı azad etmiş və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişdir. Bu Qələbə, Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm təməl və müəyyənləşdirdiyi strateji yolun zəfərlə nəticələndiyini sübut edən parlaq tarixi hadisədir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, bu gün qurtuluş ideyası təkcə tarixlə yox, həm də gələcəyə yönəlik inkişaf proqramı ilə səsləşir. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, böyük qayıdışın reallaşdırılması, sabit və güclü dövlət quruculuğuna xidmət edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu proseslər Ulu Öndər Heydər Əliyevin siyasi irsinin canlı təcəssümüdür.

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir, xalqın öz xilaskar liderinə inamının, Vətənə sevginin, dövlətçiliyin möhkəmlənməsinin simvoludur. Ulu Öndər Heydər Əliyevin adı həm də bu dövlətin sabitliyinin, inkişafının və əbədi müstəqilliyinin rəmzidir. Onun əsasını qoyduğu siyasi kurs bu gün uğurla davam etdirilir və xalqımız bu parlaq yolun davamında daha böyük zəfərlərə inamla addımlayır”, - deyən Ş.Seyidzadə fikirlərini yekunlaşdırıb.

Seçilən
2
azertag.az

1Mənbələr