AZ

İsrailli ekspertdən qalmaqallı açıqlama: “Xameneyi siyahımızda birincidir”

İsrailin hərbi hava qüvvələrinin İranın müxtəlif bölgələrindəki strateji, xüsusilə də nüvə obyektlərinə endirdiyi dəqiq zərbələr Yaxın Şərqdə gərginliyi pik həddə çatdırıb. 

Təkcə region üçün deyil, qlobal təhlükəsizlik üçün də ciddi əhəmiyyət daşıyan bu əməliyyatlar Tehran-Təl-Əviv qarşıdurmasında yeni mərhələnin başladığını göstərir. Beynəlxalq ictimaiyyətin və xüsusilə Qərb ölkələrinin diqqətlə izlədiyi bu proses bir sıra suallar yaradıb. 

İsrailin əsas hədəfi nədir? Bu əməliyyatlar yalnız nüvə obyektləri iləmi məhdudlaşır? Əməliyyat genişlənərsə, ABŞ birbaşa müdaxilə edə bilərmi? 

İsrailli siyasi ekspert Mixail Finkel "Cebheinfo.az"-a bildirib ki, bu gün səhər saatlarında İsrail dövlətini məhv etməklə bağlı saysız-hesabsız təhdidlərə və İranın nüvə bombası yaratmağa tam yaxınlaşmasına cavab olaraq olaraq Ayətullah Əli Xameneyinin rejiminə qarşı preventiv zərbələr endirildi:

"Həmin bombanın birincisi açıq şəkildə İsrailə vəd edilmişdi. 

Əli Xameneyi məhv ediləcək hədəflər siyahımızda birincidir. Artıq səhərə yaxın biz SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu), İran ordusunun rəhbərliyini, eləcə də rejim üçün cinayətkar şəkildə nüvə bombası hazırlayan aparıcı nüvə alimlərini məhv etdik. İranın ballistik raketlərinin demək olar ki, hamısı məhv edilib, İsrailə yönəlmiş dronların isə əksəriyyəti vurulub. 

İsrail bu əməliyyata illərlə ağıl və hiyləgərliklə hazırlaşıb. Hətta İranda dron istehsalı zavodları belə İsrail tərəfindən ələ alınıb və yönləndirilmiş agentlər vasitəsilə nəzarətdə saxlanılıb. Bir çox İran dronlarında İsrail çipləri yerləşdirilib və biz onların uçuş trayektoriyalarını bilirik. 

Bu, bir vaxtlar “Hizbullah”-a qarşı keçirilən “peycer əməliyyatı”na bənzəyir. Yəni, düşmənlərimizə əsas texnologiyaları biz verirdik. Korrupsiyalaşmış İran rejimi isə buna gedirdi, çünki birincisi, sadəlövhdürlər, ikincisi isə satqındırlar. Hazırda biz dalğalarla hava limanlarını, hərbi hədəfləri, raket və silah anbarlarını bombalayırıq. İran hər şeydən məhrum edilməlidir. 

Ən əsası bu gün səhərə yaxın biz bütün nüvə reaktorlarını bombaladıq. Mən əvvəldən sizin redaksiyaya açıqlamamda da bu barədə xəbərdar etmişdim. Bildirmişdim ki, heç bir radiasiya sızması və ya “Çernobıl effekti” olmayacaq. Biz eynisini Suriyada və İraqda da etmişik. Çünki biz onların hər şeyi birləşdirərək, partladılmağa hazır bir bomba halına gətirməsinə imkan vermirik. 

Nətənzdəki nəhəng zavod məhv edilib. Ümumilikdə 100-dən çox hədəf sıradan çıxarılıb. İranın nüvə proqramı artıq mövcud deyil, ləğv olunub. Bu terrorçu rejimin heç vaxt nüvə silahı olmayacaq". 

Ekspert qeyd edib ki, dünyanın istənilən yerində yəhudi xalqına və İsrailə qarşı hədələyici mövqe tutan istənilən şəxs legitim hədəfə çevrilir: 

“İsrail dövləti dünya yəhudilərini qoruyan bir əsgərdir. Kim bizə meydan oxuyursa və ya bizi məhv etməyi qarşısına məqsəd qoyursa, vay onun halına. 

Mənim fikrimcə, bu müharibə bir həftə, bəlkə də beş gün davam edəcək. Bu müddət ərzində biz hər şeyi məhv edəcəyik və İran yalnız eşşəklərin belində döyüşə bilər. Biz zərbəyə davam edirik və intensivlik daha da artacaq. Məqsədimiz İranın İsrailə cavab vermək imkanını tamamilə sıfıra endirməkdir".

Quru əməliyyatları fikrinə toxunan ekspert bildirib ki, İsrail və İran arasında birbaşa sərhəd yoxdur:

“Təyyarələrimiz 2000 kilometr məsafəni qət edirlər, havada yanacaq doldururlar:"Biz bu prosesi “karusel sistemi” adlandırırıq: 

bombalanıb geri qayıdırlar, yenidən bombalarla yüklənib təkrar uçuşa gedirlər. Bəzən havada yanacaq alaraq eyni prosesi davam etdirirlər. İranla bağlı beynəlxalq qorxu bir mif idi və artıq bu mif keçmişdə qaldı. 

“Hizbullah”, İran tərəfindən dəstəklənən Əsəd rejimi, HƏMAS keçmişdədir. Husi üsyançıları da tezliklə keçmiş olacaq. Orta Şərqdə yeni bir dövr başlayır. İranın qədim və böyük xalqına azadlıq arzulayıram. Qoy ayətullahlar rejimini devirsinlər, azad olsunlar və normal bir ölkəyə çevrilsinlər. 

Amerika bizə onsuz da mümkün olan bütün dəstəyi verir. Tramp bizə bunker əleyhinə dərin zərbə bombaları təqdim edib ki, hər biri 3 ton ağırlığındadır. Amerika bizə peyklər vasitəsilə kəşfiyyat məlumatları ötürür. Amerika hava hücumundan müdafiə sistemlərimizə əlavə olaraq, İsrailin bütün böyük şəhərlərinin və hərbi bazalarının müdafiəsini təmin etməyə imkan yaradır. Lakin formal olaraq bu əməliyyatda yalnız İsrail Müdafiə Ordusunun şücaətli əsgərləri iştirak edirlər və bizim şir ürəkli Baş nazirimiz Benyamin Netanyahu bu əməliyyata rəhbərlik edir".

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr