AZ

Xalq rəssamı Əşrəf Heybətov: Məqsədim Vətənimin gözəlliyini vəsf etməkdir MÜSAHİBƏ

ain.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 13 iyun, AZƏRTAC

O, rənglərin dili ilə danışmağı bacaran rəssamlardandır. Əsərlərində təkcə boyalar deyil, həm də tarix, kimlik, ruh dil açıb danışır. Onun fırçası danışdıqca susan divarları, unudulmuş sətirləri, kövrək xatirələri rənglərlə dilə gətirir. Söhbət rəngarəng yaradıcılığı ilə yanaşı, Vətənə bağlılığı ilə də tanınan Xalq rəssamı Əşrəf Heybətovdan gedir.

Tanınmış rəssam uzun illərdir xaricdə - Almaniyada yaşasa da, doğma yurdu Azərbaycanla bağlarını heç vaxt qoparmayıb. Əsərlərinin qayəsi, nəfəsi, ruhu doğma Vətənindən – Azərbaycandan gəlir. Onun yaradıcılığında Qarabağ və Şuşa mövzusu xüsusi yer tutur, bu məfhumlar tanınmış rəssamın əsərlərində təkcə torpaq yox, həm də ruh, tarix və qürur dolu anlam daşımaqdadır.

Əşrəf Heybətov doğma Vətəndə əsərlərini sərgiləyir, ustad dərslərində gənc rəssamlara təcrübəsini bölüşür. Onunla söhbətimiz Bakıda yeni sərgi ilə çıxış etməyə hazırlaşdığı ərəfəyə təsadüf etdi. Tanınmış rəssam AZƏRTAC-a müsahibəsində yaradıcılıq yolu, Vətənlə bağları və sənətin gələcəyi haqqında fikirlərini bölüşdü. Müsahibəni təqdim edirik.

- Əşrəf müəllim, hər bir yaradıcı şəxs kimi sizin də öz dünyanız var. Sizin dünyanızın əsas qayəsi nədir? Əsərlərinizdə ən çox nəyə cavab axtarırsınız?

- Bilirsiniz, hər rəssamın öz üslubu, dəst-xətti var. Bu üslub illərlə formalaşır və bunun üçün axtarışa çıxmaq, çox çalışmaq, dayanmadan yaratmaq lazımdır. Mənim yaradıcılığımın əsas qayəsi insan və dünyanın harmoniyasıdır. Elə bir harmoniya ki, insan bu dünyanın bir hissəsi kimi ona uyğun yaşaya bilsin. Hazırda elə mürəkkəb, hətta çətin bir dövrdə yaşayırıq ki, bu dövr bizdən cavab tələb edən suallar doğurur. Biz sənət adamları da əsərlərimizdə bu suallara cavab tapmağa çalışırıq.

İncəsənət aləminə yaxından bələd olan insanlar bilirlər ki, mənim yaradıcılığımda doğma Azərbaycan və Türk dünyası əsas yer tutur. Amma elə əsərlərim də var ki, onları konkret suallara cavab vermək üçün çəkmişəm: Biz kimik? Haradan gəlmişik? Haraya gedirik? Niyə dünyada çox vaxt şər xeyirə qalib gəlir? Axı niyə tarix boyu baş verən qanlı müharibələr insanlara dərs olmur?

Mənim üçün incəsənət təkcə forma və rəng deyil. Əsərin arxasında fikir dayanmalıdır. Hər bir əsər ideyadan doğmalıdır. Mənim üçün əsas məsələ düşünmək, sual vermək və bu suallara fırça ilə cavab axtarmaqdır.

Ən əsası isə odur ki, mənim yaradıcılığımın ən böyük məqsədi Vətənimin gözəlliyini sənətin dili ilə vəsf etməkdir.

- Uzun illərdir Vətəndən kənarda yaşayırsınız. Yaradıcılığınızın bu mərhələsi ilə bağlı məlumat verərdiniz. Qürbətdə yaşamaq yaradıcılığınıza necə təsir edib? Doğma torpaqdan uzaqda işləmək sizə nələri qazandırdı və nələrin əskikliyini daha çox hiss etdiniz?

- Uzun illərdir xaricdə yaşayıram. Moskvada təhsilimi başa vurduqdan sonra - 1980-ci ildə keçirilən Olimpiadanın bədii tərtibatına rəhbərlik edən məşhur rəssam Zorab Sereteli ilə eyni komandada işləmək mənə qismət oldu. Həmin dövrdən etibarən Moskvada qaldım, 15 ilə yaxın orada yaşadım. 1995-ci ildən isə Almaniyada məskunlaşmışam. İndi artıq özümü veteran diaspor nümayəndələrindən biri sayıram.

Xaricdə yaşamaqla bağlı sualınıza cavab olaraq bildirmək istəyirəm ki, bu, ilk növbədə insanın dünyagörüşünü genişləndirir. Müxtəlif ölkələr, mədəniyyətlər, insanlarla təmaslar zəngin təcrübə qazandırır. Avropa, xüsusən də Almaniya təbiəti, memarlığı, muzeyləri və tarixi abidələri ilə sənət adamı üçün əsl canlı ilham mənbəyidir. Hər dəfə Avropada yeni bölgə kəşf etdikcə düşünürəm ki, hələ görmədiyimiz nə qədər gözəlliklər varmış.

Amma bütün bunlarla yanaşı, doğma torpaqdan uzaq olmaq insanın içində bir boşluq da yaradır. Mən ən çox Azərbaycanın dağlarının, təbiətinin həsrətini çəkirəm. Düzdür, fotoşəkillərim, videolarım var, amma o yerlərin aurasını yaşamaq tamamilə fərqli bir hissdir. Azərbaycanın düzənlikləri, dağları, kənd yolları – bunların hər birinin özünəməxsus görkəmi var. Ona görə də çalışıram ki, hər il Vətəni ziyarət edim. Azərbaycana gedəndə mütləq rayonlara da baş çəkirəm. Mənim üçün Azərbaycan dünyada ən gözəl ölkədir. Vətənimizdəki o doğma ruh, o enerji başqa heç yerdə yoxdur.

Xaricdə yaşayan hər bir azərbaycanlının ürəyində Vətən sevgisi olmalıdır. Biz Vətəni unutsaq kökümüzü itirərik. Mənim dostum, böyük yazıçı Çingiz Aytmatov deyirdi ki, Vətənini unudan insan manqurtdur. Ona görə də milli kimliyimizi, tariximizi, musiqimizi, mədəniyyətimizi yaşatmaq bizim borcumuzdur. Mən bu missiyanı üzərimdə daşıyıram: Azərbaycanı və onun incəsənətini xaricdə təqdim və təbliğ etmək mənim üçün sadəcə iş yox, həm də mənəvi vəzifədir.

- Əsərlərinizdə Qarabağ, xüsusilə Şuşa çox mühüm yer tutur. Tarixi ərazilərimizin, o cümlədən Qarabağın, Şuşanın azad olunmasından sonra bu mövzuya baxışınızda hansı dəyişikliklər baş verdi?

- Qarabağ mövzusu mənim üçün hər zaman xüsusi olub. Bu, sadəcə torpaq deyil, – tariximiz, yaddaşımız və ruhumuzdur. Mənim bu torpaqlarla bağlı emosional bağım hələ tələbəlik illərindən başlayır. 1975-ci və 1978-ci illərdə iki dəfə Şuşada olmuşam. Həmin vaxt rəssam İsa İbrahimovun dəvəti ilə Şuşaya getmişdim. Oraya ilk dəfə ayaq basanda təbiətin gözəlliyi məni valeh etdi. O səfərlərimiz zamanı etüdlər işlədim, Qarabağın mənzərələrini yaratdım. Həmin əsərlər hələ də arxivimdədir.

Müharibədən əvvəl və sonra da Qarabağ mövzusunu yaradıcılığımda davam etdirdim. Xüsusilə Şuşanın azadlığından sonra bu bölgə mənim əsərlərimdə daha geniş yer tutdu. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qarabağla bağlı 44 əsərdən ibarət albom çap edildi və təqdimatı keçirildi.

Mən monumentalistəm, monumental rəsmlər çəkirəm. Hələ yaradıcılığımın lap əvvəlində - Moskvada olarkən tanınmış rəssamlarla birgə çalışmışam. Bakıda, Sumqayıtda böyükölçülü divar rəsmləri üzərində işləmişəm. Məsələn, Sumqayıtdakı fabriklərin birində 100 kvadratmetr sahəni əhatə edən monumental tablo işləmişdim. Həmin əsərin adını böyük şairimiz Fikrət Qoca ilə birgə seçmişdik. O, mənim emalatxanama gəldi, çay içdik, əsərə baxdı və oradaca dördbəndlik şeir yazdı. Həmin pano haqqında o dövrdə mətbuatda çox yazıldı, sonra film də çəkildi.

Mənim sənət yolumda ən mühüm mərhələlərdən biri Moskva dövrü olub. İlk fərdi sərgim də 1981-ci ilin dekabrında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) açılıb. Ən əhəmiyyətlisi də odur ki, bu sərgim İlham Əliyevin sayəsində təşkil edildi. İlham Əliyev ilə həmin vaxt Moskvada tədbirlərin birində tanış olduq. Elə ilk görüşümüzdə İlham Əliyev mənə MQİMO-da fərdi sərgimin açılmasını təklif etdi. Məhz onun sayəsində ilk sərgim açıldı. Həmin vaxt Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Mejdunarodnik” qəzetində haqqımda məqalə də yayımlandı. Özü də qəzetin redaktoru əvvəlcə bu məqalənin yayımlanmasına icazə verməmişdi. Ancaq İlham Əliyev bu məsələyə də dərhal müdaxilə etdi. Məhz onun dəstəyi ilə “Mejdunarodnik” qəzetində mənim haqqımda geniş yazı dərc olundu.

Tale elə gətirdi ki, Prezident İlham Əliyevin 2006-cı ildə Berlinə səfəri zamanı onunla görüşmək imkanım oldu. Prezident məni görən kimi tanıdı. Həmin görüşdə Prezident İlham Əliyevə ən yaxşı əsərlərimdən birini – “Salam” əsərimi hədiyyə etdim. Bu görüş və həmin əsər mənim üçün xüsusilə əhəmiyyətlidir.

Yaradıcılığımda Ümummilli Liderimiz Heydər Əliyevin dəstəyini daim minnətdarlıqla xatırlayıram. Ulu Öndərimizlə ilk görüşüm 1998-ci ildə Almaniyada oldu. Tanınmış jurnalist Elmira Axundova məni Ulu Öndər Heydər Əliyevə təqdim etdi. Həmin görüşdə Ulu Öndər mənə “Azərbaycanı unutmayın!” dedi. Bu sözdən ilham alaraq həmin görüşdən bir il sonra – 1999-cu ildə Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətini təsis etdim.

Mənim yaradıcılığımda Xocalı soyqırımı mövzusu da çox xüsusi yer tutur. Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən olan bu soyqırımı ilə bağlı mən xüsusi pano hazırladım və bu əsərimi Azərbaycan İstiqlal Muzeyinə təqdim etdim. Sonradan bu əsərin geniş təqdimat mərasimi keçirildi. Mən Xocalı faciəsi ilə bağlı sonrakı illərdə də xeyli əsərlər çəkmişəm. Bu faciə ilə bağlı ümumilikdə 25 əsərim var. Çalışıram ki, həmin əsərləri hər il bir yeni ölkədə nümayiş etdirim. Hesab edirəm ki, Qarabağ, Xocalı faciəsi ilə bağlı əsərlərin xaricdə təqdimatı daha vacibdir. Hər bir azərbaycanlı bu məsələdə əlindən gələni etməlidir.

Ağdamda olanda gördüklərim məni dərindən sarsıtdı. Ağdamla bağlı ağ-qara rəngdə 12 əsər çəkdim. Düşünürəm ki, faciə rənglərlə təsvir olunmamalıdır. Bilirsiniz, Qarabağ mənim üçün təkcə coğrafi məkan deyil. O, həm də tarixdir, məfkurədir, milli ruhdur. Buna görə də düşünürəm ki, yaradıcılığımın əsas qayəsi bu həqiqətləri sənətin dili ilə yaşatmaq və dünyaya çatdırmaqdır.

- Siz bir çox beynəlxalq qurumların üzvüsünüz, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüsünüz. Bu cür təltiflər sizə yaradıcı ruh baxımından nə verir?

- Hesab edirəm ki, hər hansı təltiflər, titullar, mükafatlar yaradıcılığa təsir etməməlidir. Mən 50 il əvvəl necə rəssam olmuşamsa, indi də dəyişən heç nə yoxdur. Yəni, mən təltif edilsəm də, edilməsəm də yaradıcılıqla məşğul olacağam. Amma hesab edirəm ki, təltif olunmaq insanın məsuliyyətini daha da artırır. İnsan bu mükafata layiq olmaq üçün daha çox çalışmalı olur. Bu məsələnin digər bir tərəfi də odur ki, belə təltiflər insanın xidmətlərinin yada salındığını, qiymətləndirildiyini göstərir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

- Yaxın günlərdə Bakıda sərginiz açılacaq. Bu sərgidə incəsənətsevərləri nə gözləyir? Bu sərgini hansı baxışla təqdim edirsiniz?

- Bəli, bu yay Bakıda bir neçə sərgimin təşkili planlaşdırılır. Düzdür, bu sərgilərin tarixləri və keçiriləcəyi məkanlar hələ dəqiq müəyyənləşməyib. Bu barədə təşkilatçılar özləri məlumat verəcəklər. Mərakeşin Azərbaycandakı səfiri əsərlərimin sərgilənməsi ilə bağlı mənə müraciət etdi. Bu sərgi üçün 50 əsər təqdim etdim. Bu yay Bakıda başqa sərgilərim də açılacaq. Sərgilərimdən biri də Lənkəran şəhərində təşkil olunacaq.

Mənim Azərbaycanda ilk fərdi sərgim 1987-ci ildə Şəkidə açılıb. Həmin vaxt Şəkidəki Yuxarı Karvansarayın dizayn və keramika işləri mənə tapşırılmışdı. Onun otaqlarının demək olar ki, əksəriyyətində mənim əsərlərim sərgilənirdi. Bir neçə il əvvəl də Şəkidəki Heydər Əliyev Mərkəzində sərgim təşkil olundu. Həmin sərgiyə maraq çox böyük oldu.

Sualınızın digər hissəsinə gəldikdə isə demək istəyirəm ki, incəsənətsevərlər həmişə məndən yeni əsərlər gözləyirlər. Ona görə də gecə-gündüz çalışıram, yeni əsərlər üzərində işləyirəm, yeni sərgilərə hazırlaşıram. Mənim üçün rəssamlıq həyat tərzidir – daim işləmək, yaratmaq.

- Bu gün dünya və Azərbaycan miqyasında sənət hansı istiqamətdə dəyişir? Bir rəssam olaraq siz bu dəyişikliklərə necə reaksiya verirsiniz?

- Bu sual çox dərindir və bu suala cavab vermək, sözün düzü, mənim üçün bir qədər ağrılıdır. Çünki bütün dünyada incəsənət, mədəniyyət nəinki dəyişir, hətta deyərdim ki, tənəzzülə uğrayır. Mən klassik incəsənətin, klassik musiqinin vurğunuyam. Ancaq bugünkü dəyişikliklərə baxanda görürəm ki, klassik incəsənət, dərinlik və ruha toxunan sənət əsərləri arxa plana keçir. Bu, Avropada da, Azərbaycanda da hiss olunur. Berlinə bir baxın, afişaların, sərgilərin çoxu sadəcə görüntüdür, ruhsuzdur. Mən bunu incəsənətin tənəzzülü hesab edirəm.

İncəsənət bu gün, necə deyərlər, “həvəskarlar”ın əlinə düşüb. Kompüter, internet dövründə artıq hər kəs şəkil çəkə bilir. Amma bu, rəssamlıq deyil. Mən 12 il təhsil almışam, fırça ilə tər tökmüşəm. İndi isə hər şey sanki “ucuzlaşıb”. Peşəkarlıq arxa plana keçib, diletantlıq öndədir. Bu, yalnız rəssamlığa yox, musiqiyə də aiddir. Musiqidə də bənzər vəziyyətdir: mahiyyət yoxdur, sadəcə səs çoxluğu var. Televiziyada da eyni proseslər gedir: reytinq xətrinə peşəkarlıqdan imtina olunur.

Bizdə də sərgilər açılır, çoxlu gənc rəssamlar var. Ancaq, bilirsiniz, həmin əsərlərdə böyük, düşündürücü mövzular yoxdur. Amma ümid edirəm ki, gənc nəsil incəsənəti sevməyi, onun ruhunu duymağı da öyrənəcək. Yoxsa peşəkarlıq yerini hobbilərə verərsə, sənətin mahiyyəti itib gedəcək. Sənət yalnız texnika deyil – bilik, dünyagörüşü, tarix, fəlsəfə, poeziya, musiqi, hər şey içində olmalıdır. Təəssüf ki, indi çoxları kitab oxumur, dərinə varmır. Bu da nəticələrdə görünür.

Amma mən şadam ki, sənət yolunda böyüyəndə ətrafımda böyük sənətkarlar olublar. Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov – bu üçlük mənim üçün Azərbaycan təsviri sənətinin “qızıl üçlüyü”dür. Onlar təkcə rəssam yox, ziyalı idilər. Mən tələbə ikən onların yanında idim, əsərlərini görüb valeh oldum, söhbətlərindən öyrəndim. Məsələn, Səttar Bəhlulzadənin ustad dərslərinə heyranlıqla qulaq asırdım. O, Füzulidən, Əliağa Vahiddən şeirlər, qəzəllər deyirdi, onların yaradıcılığını dərindən bilirdi. Mənim anam həkim idi, Səttar Bəhlulzadəni müalicə edirdi. Ona görə də onunla son dərəcə mehriban münasibətimiz var idi. Mən onunla birlikdə rayonlara – Qubaya, Şamaxıya, eləcə də Qardabaniyə getmişəm. O, çox unikal insan idi.

- Əşrəf müəllim, siz gənc rəssamlara həmişə dəstək olur, onların bu sənətin incəliklərinə dərindən yiyələnmələri üçün ustad dərsləri təşkil edirsiniz. Bu barədə məlumat verməyinizi xahiş edirəm. Gənc rəssamlara nəyi tövsiyə edirsiniz?

-Mənim fəaliyyət sahəm təkcə paytaxtla məhdudlaşmır. Tez-tez bölgələrə səfərlər edirəm. Bu səfərlər mənim üçün sadəcə yolçuluq deyil, mənəvi missiyadır, yəni mənbəyə, ilkinliyə, təməl gözəlliyə doğru bir yoldur. Keçirdiyim sərgilər, təşkil etdiyim ustad dərsləri, rayon sakinləri ilə birbaşa ünsiyyət – bütün bunlar sənətimin xalqla təmasına xidmət edir. Rayonlara hər səfərimdə insanlarla görüşür, onların hisslərinə, dünyagörüşlərinə toxunmağa çalışıram. Salyandan Qubaya qədər bir çox bölgədə lentə alınan görüntülərim var – insanlar toplaşır, suallar verir, incəsənətə maraq göstərirlər. Bu, mənim üçün böyük bir mənəvi rahatlıq və məsuliyyətdir.

Rayonlara gələndə də eyni məsuliyyətlə davranıram. İndiyədək doqquz rayonda ustad dərsləri keçirmişəm. Hər dəfə rayonlara ustad dərslərinə gedəndə gənc rəssamlara müxtəlif hədiyyələr – boya, karandaş alıb aparıram, onlara paylayıram. Əlbəttə, bilirəm ki, onların hamısı rəssam olmayacaq. Amma bu, mənim üçün təkcə rəsm demək deyil. Bu, estetik tərbiyədir, uşaqlarda gözəllik duyğusunun formalaşmasıdır. Bu, hər evə, hər ailəyə lazımdır. Uşaq gözəllik görməlidir. Mənim atam neyrocərrah idi. Həmişə deyərdi ki, gözəllik insan ömrünü uzadır. Həyatın hər sahəsində gözəllik olmalıdır: geyimdə, ətraf mühitdə, davranışda, ünsiyyətdə... Mən də bu fəlsəfəni sənətimlə daşıyıram.

Gənc rəssamlara tövsiyəm odur ki, ilk növbədə Vətəni sevin. Vətən sevgisi sənətkarın ilham mənbəyidir. Bizim torpağımız, musiqimiz, poeziyamız, dağlarımız, tariximiz - bütün bunlar əvəzsizdir. Mən gənc rəssamlara deyirəm ki, öz tariximizi mütləq öyrənin, kimliyinizlə qürur duyun. Bizim şanlı tariximiz var, Babək, Şah İsmayıl kimi əcdadlarımız, böyük şəxsiyyətlərimiz var. Bütün bunları gənc nəsil bilməli, öyrənməlidir.

İkinci tövsiyəm isə odur ki, dünyagörüşünüzü genişləndirin. Bu gün internet hər şeyin açarıdır. Dünya ədəbiyyatını, incəsənətini izləyin, fərqli üslubları araşdırın, yeni texnikalarla tanış olun. Qoy, sizin baxış bucağınız yalnız bir məkanla məhdudlaşmasın.

Mənim üçün gözəllik təkcə zahiri forma deyil, həm də fəlsəfi məna daşıyır. Mənəvi dəyəri olmayan gözəllik mənim üçün boş bir qab kimidir. Mən gözəlliyi insanın içində - danışığında, fikrində, davranışında axtarıram. Bu baxımdan sənət də belədir – zahirdə yox, mahiyyətdə gözəldir.

- Əşrəf müəllim, sonuncu sualım: uzun müddətdir qürbətdə yaşayırsınız və bu, sizin incəsənət ictimaiyyəti ilə əlaqələrinizə necə təsir göstərir? Bir də soruşmaq istərdim, əsərləriniz kolleksiyaçılar tərəfindən alınırmı?

- Xoşbəxtlikdən uzun illərdir ki, Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimləri ilə dostluq və yaxın münasibətlərim var. Gənclik illərimdən etibarən mənəvi dünyası zəngin insanlarla təmasda olmuşam. Mənim üçün insanların tutduğu vəzifələr deyil, onların insani dəyərləri önəmlidir. Elə indi də ətrafımda mənəvi baxımdan zəngin insanlar var və bu, mənə böyük ruh yüksəkliyi verir.

Hazırda ölkədən kənarda yaşasam da, Vətənimlə mənəvi bağlarım heç vaxt qopmayıb. Azərbaycanın incəsənət ictimaiyyətində baş verənləri izləyir, sənət dostlarımla əlaqə saxlayıram. Zaman-zaman əsərlərimlə maraqlanan mədəniyyət nümayəndələri və şəxsi kolleksiyaçılar olublar. Rəsmi qalereya və muzeylərdə əsərlərimin nümayişi ilə bağlı təşəbbüslərin olmasını, bu sahədə daha çox fəallıq göstərilməsini arzu edirəm. Hesab edirəm ki, rəssamların yaradıcılığına maddi və mənəvi dəstək göstərilməsi, onların əsərlərinin alınaraq ictimai sərgilərdə nümayiş olunması həm rəssamların fəaliyyətinə stimul verər, həm də ölkənin mədəni irsinin zənginləşməsinə töhfə verərdi.

Bilirsiniz, mən bəlkə də yeganə Azərbaycan rəssamıyam ki, NATO, Vatikan, Avropa Şurası, BMT, Konrad Adenauer Fondu, ADA Universiteti kimi nüfuzlu məkanlarda sərgilərim açılıb. Bu ünvanların bir çoxunda məndən əvvəl heç bir rəssamın sərgisi olmayıb. Bu, Tanrının mənə bir lütfüdür. Elə yerlərdə incəsənətimizi təmsil etmək həm şərəfdir, həm də borcdur.

Təəssüf ki, indiyədək əsərlərimin alınıb muzeylərin kolleksiyalarına daxil edilməsi istiqamətində görülən işlər elə də ürəkaçan deyil. Bununla belə, mən nikbinəm və düşünürəm ki, gələcəkdə bu sahədə də müsbət dəyişikliklər baş verəcək. Yeni mədəniyyət naziri Adil Kərimli ilə rəsmlərimlə maraqlandı, bir neçə əsərimi bəyəndi və qiymətləndirdi. Bu, məndə gələcəyə dair ümid yaratdı. Arzu edirəm ki, rəssamlarla iş, onların yaradıcılığına dövlət dəstəyi məsələsi daha da sistemli şəkildə həyata keçiriləcək. Gələn il 75 illik yubileyim olacaq. Yubileyimin qeyd edilməsi təkcə mənim üçün deyil, ümumilikdə Azərbaycan təsviri incəsənətinin təbliği və qorunması baxımından da faydalı olardı.

Sonda bildirmək istəyirəm ki, mənim sənət yolum çətin, lakin mənalı olub. İstərdim ki, rəssamların yaradıcılığına, onların illərlə formalaşdırdığı bədii irsə daha böyük diqqət yetirilsin. Bizim cəmiyyət sənət adamlarını daha çox tanımalı, onların əməyinə qiymət verməlidir. Mən özümü heç vaxt unudulmuş hesab etməmişəm. Çünki yaradıcı insan üçün əsas olan cəmiyyətin yaddaşında qalmaqdır. Mən bu gün də çalışıram, yaradıram. Çünki hələ də deyəcək sözüm və yaradacağım əsərlərim var.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
azertag.az

2Mənbələr