“İsrail bölgəmizi, xüsusilə Qəzzanı qan, gözyaşı və qeyri-sabitlik içində boğmaq strategiyasını bu səhərdən etibarən çox təhlükəli həddə çatdırdı. İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüququ heçə sayan təxribatdır".
Moderator.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hava zərbələri endirməsinə münansibət bildirərkən deyib.
Ərdoğan İsrailin bu səhərdən etibarən Qəzza zolağı başda olmaqla bölgəni qan, gözyaşı və qeyri-sabitlik içində boğmaq strategiyasının çox təhlükəli həddə çatdırdığını vurğulayıb:
"İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda həyata keçirilən bu hücumlar İsrailin qayda pozan zehniyyətini göstərir.
Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Netanyahunun və onun soyqırımı şəbəkəsinin bütün bölgəmizi yandıran hücumlarının qarşısı mütləq alınmalıdır.
Bu gün biz bir daha bildiririk ki, biz Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik. Türkiyə olaraq qonşumuz İrana qarşı edilən mənfur hücumları qınayırıq”.