“İrəvanla Bakı arasında dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqların davam etdirilməsi istiqamətində müzakirələr aparılır”.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda keçirilən “APRI-2025” adlı konfransda deyib.
O bildirib ki, hazırda bu prosesin texniki tərəfləri müzakirə edilir.
Qriqoryan bu məsələ ilə bağlı sonuncu görüşün cari ilin yanvarında baş tutduğunu və həmin vaxt Baş nazirlərin müavinlərinin sözügedən prosesin sərhədin Ermənistan–Azərbaycan–Gürcüstan hissəsindən davam etdirilməsi barədə razılığa gəldiklərini də xatırladıb.
Qriqoryanın sözlərinə görə, hazırda prosesin texniki tərəflərinin aydınlaşdırılması üçün məxfi-diplomatik işlər aparılır. O, ölkəsinin bu sahədə irəliləyişə nail olmaq və sülh razılaşmasının imzalanmasını istədiyini bəyan edib:
“Biz birmənalı olaraq irəliləyiş və sülh razılaşmasının imzalanmasını istəyirik. Çox zaman eşidirik ki, sənəd ölkəmizin maraqlarına cavab vermir. Bu, doğru deyil. Çünki Ermənistan sülh razılaşmasının imzalanmasını istəməkdədir”.