AZ

Milli Qurtuluşdan Şuşa zirvəsinə: müstəqil Azərbaycan Zəfər yolunda

1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan böyük sınaqlarla üz-üzə qalmışdı. Ölkə daxilində dərin siyasi böhran, silahlı qarşıdurmalar və Ermənistanın təcavüzü ilə müşayiət olunan müharibə şəraiti dövlət müstəqilliyini ciddi təhlükəyə məruz qoymuşdu. O dövrdə xalqın gələcəyə olan inamı sarsılmış, bölgələrdə separatizm meyilləri güclənmişdi.

Məhz belə bir çətin məqamda – 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Xalqımızın taleyində həlledici dönüş nöqtəsinə çevrilən bu əlamətdar hadisə dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu. Xalqın dərin etimadının təzahürü olaraq Ümummilli Lider 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi.

1994-cü il sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi Azərbaycanın gələcək iqtisadi inkişafının təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası sayəsində ölkəmiz dünya enerji təhlükəsizliyində öz layiqli yerini tutdu. Xarici sərmayələrin cəlbi və neft-qaz resurslarının xarici bazarlara çıxarılması Azərbaycanın müstəqilliyini möhkəmləndirdi.

1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsi (referendum) nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu mühüm sənəd hüquqi dövlət quruculuğu, həmçinin demokratik cəmiyyətin təməlini formalaşdırdı.

Ümummilli Lider Heydər Əliyev Vətənin müdafiəsini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Bu dövrdə orduya dövlət qayğısı artırıldı, silahlı qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Silahlı Qüvvələrin formalaşdırılması, peşəkar ordu modelinə keçid, hərbi hissələrin modernləşdirilməsi və ixtisaslı kadrların hazırlanması sahəsində mühüm islahatlar həyata keçirildi.

Ulu Öndər Heydər Əliyev gənclərə xüsusi diqqət yetirir, onların intellektual və fiziki inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Gənclərin dövlət idarəçiliyinə cəlbi və onların sosial təminatı da bu siyasətin mühüm hissəsini təşkil edirdi. Ölkədə idman infrastrukturlarının yaradılması və beynəlxalq yarışlarda iştirak Azərbaycanın idman nüfuzunu yüksəltdi.

Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan öz milli maraqlarını qoruyaraq beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildi. Beynəlxalq qurumlarla əməkdaşlıq inkişaf etdirildi, ölkəmizin nüfuzu artdı. Ulu Öndərin xarici siyasət strategiyasını Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirdi.

Genişmiqyaslı islahatlar – siyasi sabitlik, iqtisadi inkişaf, güclü ordu, hüquqi baza, vətəndaş cəmiyyəti və milli dövlətçilik modeli sonrakı illərdə əldə olunan böyük Qələbənin təməlini qoydu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi, bu faktorlar isə ölkənin davamlı yüksəlişinə zəmin yaratdı. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. 2023-cü ildə isə bir günlük lokal xarakterli antiterror əməliyyatları ilə dövlət suverenliyi ölkəmizin bütün ərazilərində tam şəkildə təmin olundu. Bu nailiyyətlər yalnız güclü dövlət quruculuğu və qətiyyətli siyasi iradənin nəticəsidir.

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında tarixi qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən və hüquqi-siyasi müstəvidə rəsmiləşdirən mühüm sənəddir. Bu sənəd regional təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, hərbi əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq arenada ortaq maraqların müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan regionun lideri və beynəlxalq arenada söz sahibi olan bir dövlət kimi öz mövqeyini qoruyur. Bu möhkəm təməl Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin, Prezident İlham Əliyevin qətiyyətli addımlarının nəticəsidir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı

Seçilən
38
1
ikisahil.az

2Mənbələr