Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların ixracı artır.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına mediatur təşkil edilib.
Media nümayəndələrinə Sənaye Parkının fəaliyyəti, həyata keçirilən istehsal haqqında məlumat verilib. Qeyd olunub ki, Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. İş adamları dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin ediliblər. Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.
İstehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur. Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb. İlkin olaraq Qazaxıstana 5 min cüt ayaqqabı göndərilib. Almaniyanın “Desma” şirkətinin avadanlıqlarından istifadə edilən müəssisənin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir. Şirkət tərəfindən 67 nəfər daimi işlə təmin edilib.
Agentlikdən bildirilib ki, Sənaye Parkında istehsal olunan divar kağızları Özbəkistan və Gürcüstana ixrac olunur.
Qeyd edək ki, Ağdam Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.