BAKI, 13 iyun. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov baş məşqçi Fernandu Santuşla bağlı açıqlamasına aydınlıq gətirib.
22 yaşlı müdafiəçi Teleqraf-a bildirib ki, Macarıstanla yoldaşlıq oyunundan sonra portuqaliyalı mütəxəssisin komandadan əsas tələbinin top buraxmamaq olduğuna dair fikri yanlış təqdim edilib.
Hüseynov Santuşun mətbuat konfransındakı “Mən belə şey deməmişəm. Mənim adımdan belə deyilibsə, yalandır” fikrinə münasibət bildirib: “Söhbət bir oyundan getmir. Santuş bizə deyir ki, həmişə müdafiəni sıfırdan qurmalıyıq. Bu, bizim ilk öhdəliyimizdir. Birinci növbədə, qapıdan qol buraxmamağımızı istəyirdi. Əlbəttə, qol vurmasan, uda bilməzsən. Santuşun öyrətmək istədiyi tək matçda yox, bütün oyunlarda az qol buraxmaq və qol vurmaqdır”.
Hüseynov bu açıqlamasından sonra AFFA-dan heç kimin onunla əlaqə saxlamadığını qeyd edib: “Heç kim mənə bir söz demədi. Çünki AFFA-dakılar da orada nə demək istədiyimi başa düşüblər. Santuş özü də anlayır ki, mən o açıqlamada nəyi nəzərdə tuturdum. “CBC Sport”dakı müsahibəmdə də qeyd etmişəm ki, məqsəd, baş məşqçinin bizə demək istədiyi şeylərdən biri az top buraxmaqdır. Çünki oyunlarda çox qol buraxırıq. Bunu aradan qaldırmaq və qol vurmaq lazımdır. Çoxlu top buraxsan, əlbəttə, uduzma ehtimalı böyükdür. Məsələn, 3 top buraxsan, 4-nü vurmalısan”.
Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçirilmiş Azərbaycan - Macarıstan görüşü 1:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Yığma daha öncə Latviya ilə səfərdə qolsuz heç-heçə edib.