AZ

Sosial islahatlar davamlı, sistemli və effektiv yanaşma üzərində qurulub

Prezident İlham Əliyevin imzaladığı növbəti sosial yönümlü fərmanla müavinət və təqaüdlərin artırılması təmin olunub. Bu qərar 2025-ci ilin əvvəlindən reallaşdırılan sosial islahatların davamı olmaqla yanaşı, 2018-ci ildən bəri həyata keçirilən beşinci genişmiqyaslı sosial islahat paketinə daxildir. 

Fərmanla şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər həssas qruplar üzrə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur.

Fərmanın əhatə dairəsi və maliyyə tutumu onun sosial siyasətdə yeni mərhələ olduğunu göstərir. Ümumilikdə 3 milyon insanı əhatə edən bu paket ölkədəki həssas sosial qrupların demək olar ki, hamısını əhatə edir.

Bu sosial islahatların ən mühüm cəhətlərindən biri onun real təsir imkanları ilə bağlıdır. Fərmanın ünvanlandığı təbəqələrin rifahına ciddi təsir edəcəyi gözlənilir. Belə ki, bu məqsədlə əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılmasına illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Yeni fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən qüvvəyə minən sosial islahatlar bir daha dövlətin həssas əhali qruplarına xüsusi diqqət yetirdiyini nümayiş etdirir. İslahatlar müharibə iştirakçıları, əlilliyi olan şəxslər, şəhid ailələrinə və digər həssas sosial qruplara yönəlmiş dəstəyin daha da gücləndirilməsinə xidmət edir.

Qərara əsasən, şəhid ailələri, 20 Yanvar şəhidlərinin ailələri və Əfqanıstanda həlak olmuş hərbçilərin ailələri üçün Prezident təqaüdü 600 manatdan 700 manata qaldırılıb. Bu, 16,7% artım deməkdir. Ümumilikdə isə 2018-ci illə müqayisədə bu təqaüdlər 3,2 dəfə artmışdır.

Bundan başqa, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət və Çernobıl AES-də xidmət zamanı əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezident təqaüdlərində də əhəmiyyətli artımlar baş verib.

Beləki bu kateqoriyadan olan şəxslərin əlillik dərəcələrinə uyğun olaraq Prezidentin aylıq təqaüdlərində də artımlar müəyyən edilib. Belə ki, orqanizmin funksiyalarının 81–100 faiz pozulduğu I dərəcə üzrə təqaüd 500 manatdan 600 manata qaldırılıb ki, bu da 20 faizlik artım deməkdir. 61–80 faiz pozulma olan II dərəcə üzrə təqaüd 400 manatdan 500 manata yüksəldilib (25% artım). 31–60 faiz funksional itki müəyyən edilən III dərəcə üzrə isə təqaüd 330 manatdan 400 manata çatdırılıb ki, bu da 21,2 faizlik artımı əks etdirir.

Bu yanaşma həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə dövlətin verdiyi önəmi bir daha göstərir.

Sosial islahatlar paketi təkcə rəqəmlərin artımı ilə deyil, həm də daha ədalətli və ehtiyaclara uyğun yanaşma ilə seçilir. Təqaüdlərin fərqli dərəcələr üzrə artırılması şəxslərin sağlamlıq durumu və sosial vəziyyəti nəzərə alınaraq həyata keçirilib.

İslahatlar təkcə qeyd olunan qruplarla məhdudlaşmır. Paket cəmiyyətin bütün həssas sosial təbəqələrini əhatə edir və dövlətin sosial sahədə sistemli şəkildə apardığı siyasətin davamı kimi çıxış edir.

Yeni fərmana əsasən, əlilliyi olan şəxslər üçün aylıq müavinətlərdə funksional itki faizinə görə artım 11,1%-dən 20%-dək dəyişir. 2018-ci illə müqayisədə bu göstəricilər 4,5–5 dəfə artmışdır.

Uşaqlara və ailələrə yönəlik aylıq və birdəfəlik müavinətlərdə də ciddi artımlar nəzərdə tutulub. Məsələn, uşağın doğulmasına görə birdəfəlik müavinət 20% artırılaraq 600 manata çatdırılıb. Himayədar ailələrə verilən uşaq müavinətləri 26,6%-dən 49,4%-dək artırılıb.

Beşdən çox uşağı olan qadınlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum uşaqlara və hərbi qulluqçuların ailələrinə verilən müavinətlərdə isə 33%-dən 40%-dək artımlar tətbiq olunub.

Nəticə etibarilə, Prezident İlham Əliyevin imzaladığı növbəti sosial yönümlü fərman dövlətin həssas əhali qruplarına göstərdiyi diqqət və qayğının davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir. Müavinət və təqaüdlərin müxtəlif qruplar üzrə ehtiyaclara uyğun şəkildə artırılması isə sosial ədalətin təmininə xidmət edir. 3 milyon nəfəri əhatə edən bu paket dövlətin vətəndaş rifahını prioritet istiqamət kimi qəbul etdiyini təsdiqləyir və sosial müdafiə sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, sosial artımlar 2018-ci ildən sonra dövlətin sosial siyasət strategiyasına əsaslanır. Bu strategiya yalnız epizodik deyil, davamlı, sistemli və effektiv yanaşma üzərində qurulub. Onun real və davamlı təsir imkanları, müxtəlif sosial qrupların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Nəticələrin müsbət olmasını təmin edən əsas amillərdən biri isə sosial siyasət sahəsində aparılan ardıcıl və məqsədyönlü islahatlar, idarəetmədə şəffaflığın artırılması, eləcə də rəqəmsal texnologiyaların tətbiqi ilə xidmətlərin daha çevik və ədalətli şəkildə çatdırılmasıdır. Bu yanaşma gələcək sosial təşəbbüslər üçün də dayanıqlı və effektiv baza formalaşdırır.

Cəsarət Hüseynzadə,

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri

Seçilən
19
2
xalqqazeti.az

3Mənbələr