AZ

Strateji mesaj

15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış Şuşa Bəyannaməsi, yalnız iki dost və qardaş ölkə arasında hüquqi bir sənəd deyil, həm də dərin tarixi köklərə dayanan, gələcəyə yönəlik strateji bir mesajdır. Azərbaycan və Türkiyə prezidentləri-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu sənəd, ikitərəfli münasibətləri keyfiyyətcə yeni bir səviyyəyə-müttəfiqlik mərhələsinə kimi yüksəltmişdir.

Bəyannamənin mərkəzində duran əsas fikir “bir millət, iki dövlət” prinsipinin real siyasətə çevrilməsidir. Sənəd yalnız siyasi və hərbi əməkdaşlığı deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və informasiya sahələrində geniş strateji əməkdaşlığı əhatə edir. Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Türkiyə və Azərbaycanın digər əraziləri ilə birləşdirilməsi kimi layihələr, regionun iqtisadi-siyasi xəritəsini yenidən formalaşdırmaq gücündədir.

Eyni zamanda, Şuşa Bəyannaməsi regionda və dünyada sabitliyin, təhlükəsizliyin və beynəlxalq hüququn qorunmasına dair yönəlmiş birgə səyləri özündə ehtiva edir. BMT Nizamnaməsi çərçivəsində bir-birinə hərbi və siyasi dəstək verilməsi və bu dəstəyin konkret mexanizmlərlə təmin olunması, bəyannaməni yalnız simvolik deyil, həmçinin praktiki cəhətdən də təsirli sənədə çevirir.

Qardaş ölkələrin diaspor təşkilatlarının əlaqələndirilməsi, terrorçuluğa qarşı birgə mübarizə və türk dünyasının inteqrasiyasına yönəlik fəaliyyətlər bu sənədin milli və beynəlxalq arenada həmrəylik simvoluna çevrilməsini təmin edir. Şuşada imzalanması isə bu sənədə mənəvi bir dəyər qazandırır-bu şəhər Qarabağ zəfərinin simvolu, Türk dünyasının isə yenidən doğuş məkanıdır.

Nəticə olaraq deyə bilərəm ki, Şuşa Bəyannaməsi sadəcə diplomatik bir sənəd deyil, həmçinin güclü strateji mesajdır: Azərbaycan və Türkiyə birlikdədir, bu birlik sadəcə keçmişin deyil, həm də gələcəyə atılmış əsas təməllərdəndir. Regional və qlobal güc balanslarında yeni reallıqlar yaradan bu bəyannamə, Türk dünyasının inteqrasiyasına, sabitliyinə və inkişafına xidmət edən əsl yol xəritəsidir.

 

Rəvanə Kərimova

Nəsimi Rayon Gənci

 

 

Seçilən
20
3
heftelik.az

4Mənbələr