BAKI, 13 iyun. TELEQRAF
Bakıda Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidməti ilə Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında və ölkəmizin digər səlahiyyətli dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi ikinci məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidməti məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti ilə Özbəkistan Respulikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memarandum”a uyğun olaraq keçirilən, Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun və Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovun rəhbərlik etdikləri nümayəndə heyətlərinin görüşündə beynəlxalq terrorçuluq, dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılıgına qarşı və kibercinayətlərlə mübarizə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri, bu istiqamətlər üzrə əlaqələrin intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılmış, müasir çağırış və təhdidlərin artdığı mürəkkəb şəraitdə təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilib.
Danışıqlar zamanı qırılmaz qardaşlıq və dostluq tellərilə bağlı olan iki dövlət arasında səmərəli əməkdaşlığın, strateji tərəfdaşlığın Zəfər tarixinin başlanğıcı - Milli Qurtuluş Günündən sonra, xüsusilə də son illər Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevin Şavkat Mirziyoyevin səyləri ilə ən müxtəlif sahələr üzrə inkişaf etdiyi, onun yeni səviyyəyə yüksəlməsi üçün möhkəm zəmin yaradıldığı vurğulanıb.
Nümayəndə heyəti iyunun 13-də Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.