Çövkən üzrə Avropa Çempionatında qalib olan milli komandamız təltif edilmişdir
5-7 iyun 2025-ci il tarixlərində Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Çövkən üzrə Avropa Çempionatında Azərbaycan milli komandası möhtəşəm qələbəyə imza ataraq I yerin sahibi olmuşdur.
Yarışda Avropanın müxtəlif ölkələrindən qatılan güclü rəqiblər üzərində üstünlük qazanan Azərbaycan çövkənçiləri milli dəyərlərimizə və qədim atüstü oyun ənənələrimizə sadiqliyini bir daha nümayiş etdirərək göstərdikləri peşəkar oyun, yüksək komanda ruhu ilə xüsusi rəğbət qazanmışdır.
Əldə olunmuş böyük uğura görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev milli komandanın üzvlərini qəbul edərək onları təltif etmişdir.
Təltifetmə mərasimində ARAF prezidenti idmançılarımıza göstərdikləri yüksək nəticəyə görə təşəkkür etmiş, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və Federasiyanın dəstəyinin davamlı olacağını vurğulamışdır.
Təltif olunan heyət diqqət və qayğıya görə dövlətimizə və Federasiyanın rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası bu tarixi qələbəni milli idman tariximizin mühüm səhifəsi hesab edir və komandamıza gələcək yarışlarda yeni uğurlar arzulayır.