AZ

Şuşa bəyannaməsi Azərbaycanın tarixi zəfəri ilə barışmaq istəməyən beynəlxalq güclərə yönəlmiş mesaj idi



“İki dost-qardaş ölkə arasında imzalanan istənilən sənəd gələcək əməkdaşlığın daha da gücləndirilməsi, dərinləşdirilməsinə xidmət edir. Bu mənada 2001-ci il, iyun ayının 15-də Azərbaycan və Türkiyə liderləri arasında imzalanmış Şuşa bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Şuşa bəyannaməsinin tarixi əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili deyib ki, sözügedən sənəd bütün parametrlər üzrə olduqca əhəmiyyətli və tarixi bir sənəd idi:

“Şuşa bəyannaməsi ilk növbədə ona görə əhəmiyyətli bir sənəd idi ki, onun imzalanması Qars müqaviləsinin imzalanmasının 100 illiyinə təsadüf edirdi. Bununla Türkiyə bir daha dünyaya sübut edirdi ki, 100 il əvvəl hansı şərtlər və hansı niyyətlə Azərbaycanın yanında idisə, bu gün də eyni şərtlər və niyyət qüvvəsindədir. Şuşa bəyannaməsi həm də dünyaya azad Qarabağda sabitliyin, inkişafın əldə edilməsi naminə Türkiyə və Azərbaycanın birgə çalışacağının mesajı idi”.

İlham Məmmədov onu da deyib ki, Şuşa Bəyannaməsinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra, məhz azad Qarabağda imzalanması da yenidən regionda gərginlik yaratmaq, Azərbaycanın tarixi zəfəri ilə barışmaq istəməyən beynəlxalq güclərə yönəlmiş bir mesaj idi:

“Bu bir danılmaz faktdır ki, İkinci Qarabağ Müharibəsində Azərbaycanın tarixi zəfər edərək ərazilərini işğaldan azad etməsi və regionda yeni reallıqlar yaratmasını həm Ermənistan, həm də ona dəstək verən bəzi xarici ölkələr qəbul etmək istəmirdilər. Hətta Ermənistanı yenidən müharibəyə sürükləməyə çalışırdılar. Həmin ərəfədə Türkiyənin Azərbaycanla azad Qarabağda, Şuşada belə bir sənədə imza atması həm də revanşistlərə və Ermənistanı yenidən müharibəyə sürüklımək istəyənlərə onun mesajı idi ki, Qarabağda, regionda sabitliyin zəmanətçisi Türkiyədir və bölgədə sabitliyi pozmağa, Azərbaycana qarşı yeni müharibəyə başlamağa çalışan güclər qarşılarında Türkiyəni görəcəklər”.

Süleyman

Seçilən
24
1
newscenter.az

2Mənbələr