Azərbaycan cüdoçuları bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürən böyüklər arasında dünya çempionatında fiaskoya uğrayıblar.

Offsideplus.az xəbər verir kl, yarışın ilk günündə tatami üzərinə çıxan hər 3 təmsilçimiz əliboş qalıb.

Özü də həmyerlilərimiz heç 1/16 final səddini aşa bilməyiblər.

Kişilərin mübarizəsində Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya uduzub.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) çempionata yaxşı başlayıb. 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova üstələyən Leyla ikinci qarşılaşmasında Laura Martinesə (İspaniya) məğlub olub.

Bu çəkidə çıxış edən digər xanım cüdoçumuz Könül Əliyeva da Budapeştə turist qismində getdiyini göstərib. O, 1/32 finalda ABŞ idmançısı Mariya Seliya Labordeyə uduzaraq çempionatı erkən başa vurub. 

Növbəti günlərdə daha 8 kişi və 2 qadın cüdoçumuz qüvvəsini sınayacaq. Həmçinin Azərbaycan yığması qarışıq komanda yarışında mübarizə aparacaq.