AZ

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi

Bakı, 13 iyun, AZƏRTAC

Dörd il əvvəl - 2021-ci il iyunun 15-də imzalanan tarixi Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, bu mühüm strateji sənəd iki qardaş dövlətin tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini nümayiş etdirir. Sənədin imzalanmasından ötən 4 il ərzində iki qardaş ölkə bütövlükdə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb. Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, bu müddətdə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanın, Zəngilan hava limanı və nəhayət, ötən ay - may ayının 28-də Azərbaycanın Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edib.

“Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı müddəa da yer alıb və qeyd olunur ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.

Dövlət başçıları “Şuşa qanunu” kimi tarixə düşən Şuşa bəyannaməsini münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndiriblər. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır”, - deyə K.Nurullayeva vurğulayıb.

Deputat qeyd edib ki, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb. Bakı və Ankara postmünaqişə dövründə də bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi təbii ki, həm də Azərbaycanın güclənməsi deməkdir. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi.

Onun sözlərinə görə, bəyannamənin strateji əhəmiyyətini artıran məqamlardan biri də hərbi əməkdaşlıqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bir-birinin təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. İki qardaş ölkə bu illər ərzində Şuşa Bəyannaməsindən irəli gələn birgə hərbi təlimlər reallaşdırmaqdadır.

Bakı və Ankaranın Şuşa bəyannaməsi dünyaya verdiyi əsas mesajlardan biri də Cənubi Qafqazı sülh regionuna çevirməkdir. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir.

Qardaş Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına da töhfə verməkdədir. Bir çox Türkiyə şirkətləri Qarabağda bərpa işləri ilə məşğuldur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ümumiyyətlə, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırıb.

“Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən Şuşa Bəyannaməsinin icrası keyfiyyətcə daha yüksək işbirliyini təmin etməkdədir.

Bu sənəd Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini gücləndirir və ortaq strateji baxışı müəyyən edir”, - deyə Könül Nurullayeva vurğulayıb.

Seçilən
12
5
azertag.az

6Mənbələr