Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Azərbaycana yeni təyin olunan səfiri Pavel Radomskini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.
Görüş əsnasında Azərbaycan-Polşa siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşıması üçün möhkəm zəmin yaratdığı bildirilib.
Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.