AZ

İngiltərədə qan xərçəngi ilə mübarizədə yeni müalicə üsulu tətbiq ediləcək

London, 13 iyun, AZƏRTAC

İngiltərədə qan xərçəngi xəstələri dünyada ilk dəfə olaraq inqilabi “Troya atı” adlı yeni müalicə üsuluna çıxış əldə edəcəklər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Milli Səhiyyə Xidmətinin (NHS) təsdiqlədiyi bu müalicə xərçəng hüceyrələrini içəridən hədəfə alaraq onların yayılmasının qarşısını alır.

“Blenrep” adı ilə tanınan belantamab mafodotin adlı preparat müalicəyə cavab verməyən və ya xərçəngi irəliləmiş çoxsaylı mieloma (sümük iliyi xərçəngi) xəstələri üçün nəzərdə tutulub. Bu dərman xərçəng hüceyrələrinə yapışaraq onları hədəfə alır və hər üç həftədən bir digər dərmanlarla birlikdə infuziya şəklində verilir. Tədqiqatlara görə, yeni terapiya mövcud müalicələrə nisbətən xəstəliyin gedişatını təxminən üç dəfə daha uzun müddət dayandıra bilir.

Yeni müalicədən hər il təxminən 1500 mieloma xəstəsinin faydalanacağı gözlənilir. NHS İngiltərədə bu dərmanı tətbiq edən ilk səhiyyə sistemi olacaq. Müalicəni erkən alan xəstələrdən biri bildirib ki, cəmi iki-üç həftə ərzində remissiyaya nail olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
15
2
azertag.az

3Mənbələr