“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Amal Səxavət oğlu İbadov, Rizvan Kamil oğlu Məhərrəmli və Samir Yusif oğlu İsmayılovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunduğundan, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd edilən şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.