Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.

Bundan əlavə, bu gün sərbəst güləş üzrə 5 çəkidə mübarizəyə start verilib. Rəvan Həsənzadə (48 kq) polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğullarından güclü olub – 6:2. Həsənzadə sabah finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşacaq.

Ruslan Əlizadə (55 kq) slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova isə 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyana gücünü göstərib – 8:4. Əlizadə finalda rusiyalı Maxaç Abdullayevlə güləşəcək.

Tunar Nəsibov (65 kq) ilk mərhələdə rumuniyalı İstvan Naqiyə minimal fərqlə (7:6) qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Zaliskoyla bacarmayıb – 1:12. Rəqib finaladək irəlilədiyi üçün Tunar sabah təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladze ilə güləşəcək.

Əli Hacıyev (80 kq) ermənistanlı Avet Enqoyanı 4:3 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda britaniyalı Marşal Consa müqavimət göstərə bilməyib – 0:10.

Hakim Tağıyev (110 kq) ruminiyalı Sebastyan Braileskuya “tuş”la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala adını yazdırıb. Hakim finalın bir addımlığında gürcüstanlı Murtaz Baqdavadzeyə məğlub olub – 0:2. Tağıyev sabah bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhas (Macarıstan) – Ernests Stabins (Latviya) görüşünün qalibiylə üz-üzə gələcək.