İran bu gecə həyata keçirdiyi genişmiqyaslı raket hücumları nəticəsində İsrailin bir sıra strateji hərbi obyektlərinin məhv edildiyini bəyan edib.
Musavat.com xəbər verir ki, İran Müdafiə Nazirliyinin məlumatına görə, Təl-Əvivdə yerləşən hərbi bazalar, Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərinin binaları hədəf alınıb və “dəqiq zərbələrlə” vurulub.
Tehranın verdiyi açıqlamada qeyd olunur ki, hücum “qisas və önləyici müdafiə tədbiri” kimi həyata keçirilib və “növbəti mərhələlər üçün də hazırlıqlar görülür”.
Lakin İsrail tərəfi İranın iddialarını təkzib edib. İsrail Müdafiə Ordusunun (IDF) məlumatına görə, raket hücumları nəticəsində əsasən mülki infrastruktur ziyan görüb. Yerli hakimiyyət orqanları Təl-Əvivin bəzi yaşayış məntəqələrində dağıntılar, yanğınlar və yaralılar barədə məlumat veriblər.
İsrail hökuməti hadisəni “hərbi təxribat” adlandıraraq cavab tədbirlərinə hazır olduqlarını bəyan edib. Rəsmi Tel-Əviv həmçinin beynəlxalq ictimaiyyəti İranın “aqressiv davranışlarına” qarşı sərt mövqe tutmağa çağırıb.
Musavat.com